Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTAT FRANSAYA QARŞI
YAP-ÇI DEPUTAT FRANSAYA QARŞI23-03-2012, 12:32 |
“AZƏRBAYCAN BUNA YALNIZ SEVİNƏ BİLƏR” Əgər Avropa Birliyi Qarabağ münaqişəsinin həllinə töhfəsini vermək istəyirsə, Azərbaycan buna yalnız sevinə bilər. Bunu SalamNews-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Deputat söyləyib ki, son dövrlərdə Avropa Birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməsi müsbət haldır. Onun sözlərinə görə, bu, həm də Qarabağ münaqişəsi ilə bağlı məsələni Avropa dövlətlərinin diqqətinə çatdırır. "Amma Avropa Birliyi dövlət deyil, ölkələrin beynəlxalq təşkilatıdır. Əgər sabah Fransanı Avropa Birliyi əvəz edəcəksə, bəs təsir mexanizmi üçün məsuliyyəti kim daşıyacaq? Çünki, istənilən təşkilatın nümayəndəsi ümumi şəkildə danışa bilər. Amma Fransa bir dövlət kimi problemin həllində siyasi məsuliyyət daşıyır, Azərbaycan və Ermənistan arasında vasitəçiliyi öz üzərinə götürür", - Aydın Mirzəzadə deyib. Xatırladaq ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında Avropa Birliyinin (AB) ATƏT-in Minsk qrupunda Fransanı əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sənəddə AB-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunda Fransanın mandatını əvəz etməsi təklif olunur. Ermənistanla bağlı digər məsələlərin də yer aldığı sənəd Avroparlamentin plenar iclasında səsverməyə çıxarılmalıdır. Sənədin Avroparlamentin müzakirəsinə bir ay sonra çıxarılacağı gözlənilir. Geri qayıt |