Əsas Səhifə > Güney Press, Araşdırma > BANK KREDİTLƏRİNDƏN KİM QAZANIR?
BANK KREDİTLƏRİNDƏN KİM QAZANIR?23-03-2012, 13:04 |
VƏTƏNDAŞ, YOXSA BANKLARIN ÖZÜ... Hamımızın bir diləyi var və hər kəs də bunu müəyyən bir yolla reallaşdırmağa çalışır. Bəzən arzularımızı həyata keçirmək üçün üzləşdiyimiz maddi problemlər buna imkan vermir. O zaman hərə bir ünvana üz tutur. Müasir dövrdə maddi problemin həlli üçün çoxumuzun müraciət etdiyi ünvanlardan biri də banklar olur. Əksər hallarda çox rahatlıqla, heç nə düşünmədən banklardan istədiyimiz məbləği əldə edirik. Amma ödəməyə gəldikdə, böyük çətinliklərlə rastlaşırıq. Maddi vəsaiti ödəmədiyimiz təqdirdə isə birimiz qızılsız, digərimiz evsiz qalırıq. Ən acınacaqlı nəticə də məhz yaşadığımız isti yuvanı itirmək olur. Bəs görəsən, bu sonuçların yaranmasına səbəb vətəndaşdır, yoxsa bank? Mövzu ilə əlaqədar olaraq Modern.az iqtisadçı Vüqar Bayramlıyla əlaqə saxlayıb: “Bizim tədqiqatlar göstərir ki, Azərbaycanın kommersiya bank faizləri MDB ölkələri arasında ən yüksək bank faizinə malik olan üç ölkə sırasına daxildir. Bu birbaşa onunla bağlıdır ki, bankların kredit siyasəti qüsurlu və nöqsanlıdır. Çünki bizdə kommersiya bankları qısa zamanda daha çox gəlir əldə etməyə çalışırlar”. Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard manata yaxınlaşır “Bu gün bir məsələ var ki, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard manata yaxınlaşır. Beynəlxalq standartlara görə, problemli kreditlər yəni, geri qaytarıla bilməyən kreditlərin həcmi ümumi bank kapitalının 3 faizindən artığını təşkil edirsə, bu kredit şərti hesab olunur. Azərbaycanda problemli kreditlərin bank kapitalında payı 6 faizə yaxındır. Bu da faktiki olaraq, dünya praktikasında nəzərdə tutulan kredit faizindən 2 dəfə çoxdur”. Ekspertin fikrincə, bankların yüksək faiz hesabına daha çox gəlir əldə etmə siyasəti, sonda bankların verdiyi kreditlərinin bir qisminin geri qayıtmamasına və bankların problemli kreditlərlə üz-üzə qalmasına gətirib çıxardır. “Bu gun problemli kreditlərin sayı çoxdur. Bankların kreditlərinin yüksək olmasının digər səbəbi ondan ibarətdir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi ümumi bank kapitalının cəmi 5 faizini təşkil edir, yəni bu o deməkdir ki, kommersiya bankları kreditlərinin 95 faizini digər mənbələrdən cəlb edir. Nəzərə alsaq ki, Azərbaycan kommersiya bankları xaricdən mənfəətləri cəlb edən zaman vasitəçilərdən istifadə edirlər. Və bu vasitəçilər Azərbaycan kommersiya banklarına beynəlxalq maliyyə qurumları və ya Avropanın maliyyə agentlərindən kreditlərin alınmasına yardım edirlər. Bu da Azərbaycan kommersiya bankları üçün cəlb edilən kreditlərin daha yüksək faizli və daha yüksək xərcli olmasına gətirib çıxardır. Bir də ki , bizdə kommersiya bank faizlərinin kredit reytinqi aşağıdır və bu da imkan vermir ki, birbaşa banklar maliyyə mənbələrinə çıxış əldə etsinlər”. İqtisadçı hesab edir ki, eyni zamanda Azərbaycanda bank faizlərinin yüksək olması depozit faizlərinin yüksək olması ilə əlaqəlidir. “Depozitlərin sığortalanması fondu illik faizi 12 faizədək olan əmanətlərin sığortalanmasını həyata keçirir. Bu o deməkdir ki, kommersiya bankları bütün hallarda 12 faizdən yüksək kredit verməli olur. Çunki kredit faizləri depozit faizlərindən yüksəkdir və kommersiya bankları yüksək faizlə depozit cəlb etdiyi üçun onların təklif etdiyi kredit faizləri də yüksək olur. Depozit faizlərinin yüksək olması əhalinin vəziyyəti üçün acınacaqlıdır, çünki kredit faizinin yüksək olması real biznesdə ya yerli istehsalda xərclərin daha yüksək olmasına gətirib çıxarır. Yəni, bizneslə məşğul olanlar daha yüksək faizli kredit götürmək məcburiyyətində qalırlar. Kommersiya banklarının kredit faizlərinin yüksək olmasının nə əhaliyə, nə də ki real biznesin maraqlarına uyğun gəldiyini bildirən Vüqar Bayramlı deyir ki, kommersiya bankları ozləri üçün problem yaradır və bu baxımdan hazırkı kommersiya banklarının faiz dərəcələri iqtisadi baxımdan əsaslandırılmış dərəcələr deyil. “Mən hər gecə fikirləşirəm ki, bankın pulunu da ödəmək var” Vətəndaş Azər Zahidov: “Özümə maşın almaq istəyirdim, amma əlimdə cəmi 4 min manat pulum var idi. Fikirləşdim ki, 2 min manat da bankdan götürüm və bankların birinə getdim. Yoldaşımın qızıllarını girov qoydum və lazım olan pulu da götürdüm. İndi isə çalışıram ki, bankın pulunu ayrı yığım və vaxtı-vaxtında ödəyim. Bilirəm ki, ziyana getmişəm, amma tez bir zamanda pulu tapmaq üçün bank mənə kömək etdi”. Ölkəmizdə depozit faizləri yüksəkdir “Bank Standart”ın kredit şöbəsinin müduri İlqar Quliyev deyir ki, bank faizləri bankın daxili proseduralarına əsaslanır, yəni bank faizləri məhsullara uyğun olaraq dəyişilir: “Kredit üçün müraciət edənlərin sayı hazırkı dönəmdə hədsiz dərəcədə çoxdur. Bu bir kommersiya biznesidir, burada bank müəyyən gəlir əldə edir, müştərilər isə müəyyən işlərini həyata keçirir. Amma bu zaman alınacaq kreditləri düzgün istifadə edən qazanır, düzgün istifadə etməyənlər isə sözsuz ki, itirirlər. Bu da böyük problemlərə yol açır. Problemli kreditlərin yaranmasında ilk səbəb alınmış kreditlərin düzgün istifadə olunmaması, müəyyən dərəcədə vətəndasların məsuliyyətsizliyi də var. Burada gecikmələr olur, həm də banka pul ödəmək istəmirlər”. Bank nümayəndəsi onu da qeyd edib ki, əsas problemlərdən biri də insanların iqtisadi təhsilinin olmamasıdır. Onun sözlərinə görə, orta təbəqəli insanların problemli kreditlərlə üzləşməsi ödəyə bilməyəcəkləri məbləğdə kreditlərin götürülməsidir. “Biznes kreditləri ilə məşğul olanlar isə götürdükləri kreditləri düzgün istifadə etmirlər. Yaxud da ki, risklərini əvvəlcədən hesablamırlar. Bankların faiz dərəcələrinə gəldikdə isə bu, bankların cəlb etdiyi depozitlərin faizindəmn asılı olaraq dəyişir. Avropada depozit faizləri 2-3 faiz olduğu halda, bizdə bu 8-11 faiz təskil edir. Hal-hazırda ölkəmizdə depozit faizləri yüksəkdir. Bu isə iqtisadi amillərə görə dəyişilir”. Nihadə Eyyubova Geri qayıt |