Əsas Səhifə > Partiya > “SON BƏYANATI SƏMƏRƏSİZ FƏALİYYƏTİN DAVAMIDIR”

“SON BƏYANATI SƏMƏRƏSİZ FƏALİYYƏTİN DAVAMIDIR”


23-03-2012, 13:47
“SON BƏYANATI SƏMƏRƏSİZ FƏALİYYƏTİN DAVAMIDIR”

QAT-DAN REAKSİYA GƏLDİ

“ATƏT Minsk qrupunun 20 illik fəaliyyəti iflasa uğramışdır. Bu dövr ərzində Minsk qrupu və onun həmsədrləri tərəfindən Qarabağ münaqişəsinin həllinə dair obyektiv və qərəzsiz mövqe nümayiş etdirilməmişdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının bu gün yaydığı bəyanatdandır. QAT bildirir ki, 1997-ci ilin əvvəlində formalaşdırılan 3 həmsədrlik institutu isə birmənalı şəkildə işğalçı Ermənistanın maraqlarına xidmət edib: “Həmsədrlər ATƏT-in 1996-cı il Lissabon zirvə toplantısında irəli sürülmüş prinsiplərdən imtina etməklə Ermənistanın əsassız iddialarını yerinə yetirmişlər. Beləki Lissabon sammitində münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, Dağlıq Qarabağın statusunun Azərbaycanın sərhədləri daxilində müəyyən edilməsinə dair birgə bəyanat qəbul olunmuşdur. Lissabon sammitinin nəticələrini Azərbaycan üçün tam məqbul hesab etmək olmazdı, lakin həmsədrlər bu yarımçıq nəticələrin də üzərindən xətt çəkmək yolunu tutdular və 1997-1998-ci illərdə irəli sürdükləri həll variantlarında, həmçinin həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatlarında və nəhayət, “Madrid prinsipləri” deyilən sənəddə “münaqişənin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə” prinsipləri əsasında həll edilməsi, Dağlıq Qarabağdakı qondarma rejimə aralıq statusunun verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqəsinin təmin edilməsi kimi absurd ideyaları ortaya gətirdilər. Həmsədr ölkələrin xarici işlər nazırlərinin son bəyanatı isə 20 illik səmərəsiz fəaliyyətin davam etdirilməsi cəhdindən başqa bir şey deyildir. Onlar Azərbaycan və Ermənistan rəhbərlərini “Helsinki Yekun aktında nəzərdə tutulan güc tətbiq etməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və xalqların bərabərliyi prinsipləri” əsasında həll qərarı verməyə çaığırırlar. Burada ikiüzlülüyüvə açıq sinizmi görməmək mümkün deyil. Bu bəyanat torpaqları 20 ildən artıq bir dövr ərzində işğalda qalan xalq və dövlətə qarşı təhqir və həqarətdir. Helsinki Yekun aktının güc tətbiqinə qarşı prinsipini yada salır, lakin işğalçı Ermənistanın hərbi güc tətbiq etməklə Azərbaycanın ərazilərini zəbt etdiyini unudurlar. Yekun aktın özlərinə sərf edən müddəalarını xatırladır, lakin işğalçıya qarşı zəruri addımları nəzərdə tutan müddəaları yada salmaq istəmirlər. Öz müqəddəratını təyinetmə prinsipindən danışır, lakin yaddan çıxarırlar ki, bu prinsipin Dağlıq Qarabağdakı bir ovuc erməniyə heç bir dəxli yoxdur. Bu bəyanatda yeni bir prinsipi – “xalqların bərabərliyi” prinsipini də yada salırlar. Bununla nə demək istədikləri isə hələki məlum deyil.

Minsk qrupunun, onun həmsədrlərinin bu günə qədərki fəaliyyəti, həmsədr ölkələrin xarici işlər nazirlərinin son bəyanatı bir daha deməyə əsas verir ki, biz bu danışıqlar prosesindən, vasitəçilik missiyasından yaxşı heç nə gözləyə bilmərik. Bu proses status-kvonun saxlanılmasına, yəni Azərbaycanın 20 faiz ərazilərinin işğal altında saxlanılmasına xidmət edir. Ona görə də Azərbaycan Minsk qrupu çərçivəsindəki danışıqlardan imtina etməlidir. Minsk qrupu 20 il ərzində işğaldakı 20 faiz ərazinin 1 faizinin də işğalçılar tərəfindən boşaldılmasına nail ola bilməyibsə, işğalçı və işğala məruz qalan tərəf arasında obyektiv mövqe tuta bilməyibsə, bu qurumun yaşamağa, fəaliyyətini davam etdirməyə heç bir haqqı yoxdur”.


Geri qayıt