Əsas Səhifə > Sosial, Manşet > MEHDİYEVİN KOMANDASINDA PARÇALANMA

MEHDİYEVİN KOMANDASINDA PARÇALANMA


26-03-2012, 12:30
MEHDİYEVİN KOMANDASINDA PARÇALANMA

HƏDƏFDƏ OLAN QRUPLAŞMANIN BƏZİ ÜZVLƏRİ CİNAH DƏYİŞDİRİRLƏR

DİA.AZ: - Hakimiyyət içində münasibətlər yenidən gərilib. Hakimiyyətin yuxarı eşalonunda gözlənilən kadr islahatları bəzilərinin müdafiə olunmasını və hətta bu səbəbdən cinah dəyişdirməsini zəruri edib. Xatırladaq ki, gələn məlumatlarda Prezident Administrasiyasının rəhbəri postunda dəyişikliklərin baş verəcəyi və artıq bu yöndə çox ciddi tədarükün start götürdüyü söylənilir.

DİA.AZ-a verilən məlumatlara görə, Prezident Administrasiyasına rəhbərliyi Lalə Şövkət Hacıyevadan alan Ramiz Mehdiyevin illərdir davam edən hökmranlığa son qoyulur. Doğrudur, Mehdiyevin hazırki iqtidarda oynadığı mühüm rol onunla birdəfəlik vidalaşmanı mümkünsüz etdiyindən bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

Belə ki, hələlik Ramiz Mehdiyevin binasının inşası bu ilin may ayına yekunlaşması planlaşdırılan Heydər Əliyev Mərkəzinə rəhbər gətiriləcəyi söylənilir və bildirilir ki, mərhum prezident Heydər Əliyevin adını daşıyan Mərkəzə keçmiş sovet dönəmlərinin «Politbüro»sunun səlahiyyətlərinə yaxın imkanlar tanınacaq və əlavə rıçaqlar veriləcək. Lakin bu imkanların heç birinin rəsmi olmaması sonda Mehdiyevin birdəfəlik olaraq dövlətin idarə edilməsi prosesindən uzaqlaşdırılması üçün nəzərdə tutulub ki, bunun da bir siyasət olduğu məlum olur.

Redaksiyamızın əldə etdiyi bilgilərə görə, Mehdiyevlə bağlı bu plandan iqtidar düşərgəsində əkəriyyətin məlumatlı olması hazırda PA rəhbərinin başçılıq etdiyi qruplaşmada təmsil olunan bəzi məmurların kürkünə birə salıb. Hətta onlardan bəzilərinin cinah dəyişdirmə qərarını verdiyi də söylənilir.

Konkret olaraq misal gətirən mötəbər mənbə idda edir ki, hazırda Prezident Administrasiyasında yüksək postlardan birini tutan və eyni zamanda cəmiyyət arasında da kifayət qədər tanınan məmurlardan biri hətta bu günə qədər əleyhinə çalışdığı başqa bir qruplaşmanın rəhbəri ilə məxfi qaydada görüş də keçirib.

Mənbəmizin söylədikləri: «Həmin görüşdə cinah dəyişdirən məmur əks qütb liderindən dəstək istəyib və güclərinin birləşdirilməsini təklif edib. Yəni həmin məmur başqa himayə axtarışına çıxdığını açıq şəkildə ortaya qoyub». Hər halda, belə bir ovqatın Mehdiyevin nəzarəti altında olan qruplaşmada geniş miqyas alacağını təxmin etmək o qədər də çətin deyil. Çünki əllərindəki imtiyazları və maddi imkanları itirmək istəməyənlər dara düşdükləri zaman hətta rəqiblərindən belə mədət dilməyə hazırdırlar.


Geri qayıt