Əsas Səhifə > Sosial, Manşet > İSGƏNDƏR HƏMİDOVA QARŞI TƏXRİBAT PLANI

İSGƏNDƏR HƏMİDOVA QARŞI TƏXRİBAT PLANI


26-03-2012, 14:23
İSGƏNDƏR HƏMİDOVA QARŞI TƏXRİBAT PLANI

SİYASƏTDƏN GETSƏ DƏ, SABİQ NAZİR YENƏ DƏ KİMLƏRİSƏ NARAHAT EDİR

DİA.AZ: - Bir neçə il əvvəl siyasətdən getdiyini bəyan edən Boz Qurd Partiyasının sabiq lideri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyəsən, kimlərisə yenidən narahat etməkdədir. Əgər belə olmasaydı, onunla bağlı yeni planların üzərində baş sındırılmasına da ehtiyac qalmazdı.

Hökumət içindəki mötəbər mənbələrdən DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, müəyyən çevrələr hələ də İsgəndər Həmidovla bağlı narahatçılıq içindədirlər. Mənbəmizin söylədikləri: «Bir neçə dəfə İsgəndər bəyə qarşı təxribatlar həyata keçirmək istəyiblər. Amma keçmiş nazirin ayıqlığı bu təxribatların qarşısının alınması ilə nəticələnib. Sonncu dəfə belə bir təxribat ANS kanalının efirində icra olunmalı idi. Belə ki, ANS-də yayımlanan «Açıq Söhbət» verilişinin qonağı olan İsgəndər Həmidov opponenti ilə toqquşmalı və sonradan bu münaqişə əsasında keçmiş nazirə qarşı cinayət işi açılmalı idi».

Xatırladaq ki, bir neçə gün əvvəl İsgəndər Həmidov həqiqətən də ANS kanalında «Açıq Söhbət» verilişinin qonağı olub və onunla debata əks tərəf kimi millət vəkili, sabiq müsavatçı, Bakı şəhərinin keçmiş baş prokuroru Çingiz Qənizadə çıxmışdı. Doğrudan da çox gərgin atmosferdə keçən debatın böyük bir hisəsi efirə verilmədi. Və bu debatda İsgəndər Həmidovun təxribata çəkilməsi açıq-aşkar duyulurdu. Proqrama tamaşaçı kimi qatılanlardan birinin redaksiyamıza verdiyi məlumatdan da aydın olur ki, əgər keçmiş nazir ehtiyatlı davranmasaydı, ona qarşı plan baş tuta bilərdi.

Redaksiyamızın əldə etdiyi bilgilərdən aydın olur ki, keçmiş naziri hədəfə alan qüvvələr hələ də ondan əl çəkməyiblər: «İsgəndər bəy ehtiyatlı olmaq zorundadır. O, yeganə şəxsdir ki, keçmiş Qarabağ müharibəsi iştirakçıları arasında da böyük hörməti var. Bu isə hakimiyyətin müəyyən dairələrini narahat edən əsas məqamlardan biridir. Və elə buna görə də onun kimi daha çox hərbi keyfiyyətlərə malik olan bir əks fikirli lider daima nəzarət altında saxlanılması həmin çevrələrin əsas hədəflərindən biri kimi qəbul edilir».


Geri qayıt