Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏRDANOVUN KİFLƏNMİŞ DƏRSLİK SİYASƏTİ

MƏRDANOVUN KİFLƏNMİŞ DƏRSLİK SİYASƏTİ


26-03-2012, 17:08
MƏRDANOVUN KİFLƏNMİŞ DƏRSLİK SİYASƏTİ

TN ŞEFİNİN SİYASƏTİNƏ DAHA BİR REAKSİYA

“Çantaları övladlarım götürsə, yüz faiz bellərində hansısa problem ortaya çıxacaq. Bunu nəzərə alaraq onları məktəbli çantasını daşımağa qoymuruq. Övladlarım dərsə gedəndə çantaları mən daşıyıram, dərsdən çıxanda isə həyat yoldaşım”. Bu fikirləri mətbuata açıqlamasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi sakini Elman Həsənov söyləyib.

Qardaş Türkiyədə, qonşu Gürcüstanda məktəblər bu ildən mərhələli şəkildə ənənəvi kağız dərsliklərdən imtina etməyə başlayıblar. Bu ölkələrdə kitab və dəftərləri, hətta yazı qələmini belə özündə ehtiva edən elektron lövhələrdən (tablet lövhə) istifadəyə keçilib. Belə ki, məktəblərin nazirliyin təhsil informasiya bazasına çıxışı var, şagirdlər və müəllimlər hər zaman bu bazadan yararlana bilirlər: dərsə aid məlumatlar əldə edirlər; görüntülərə baxırlar; hansısa səsi dinləyə bilirlər və s. Klassık tədris vəsaitlərindən imkanları müqayisəsiz dərəcədə yüksək olan elektron lovhələrin kütləsi 1 kiloqramdan artıq deyil. Belə çıxır, bu halda məktəblilərin çantasını valideynin daşımasına da ehtiyac qalmır. Ən əsası isə odur ki, özünə hörmət edən bütün ölkələrdə təlim və tərbiyədə inqilab hesab edilən bu vəsaitlərə keçidlə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Bəs bizdə? Bizdə isə yenə də “dəvə dəlləklik edir, köhnə hamam içində”.

Rəhmətlik Sabir demişkən,
Əcnəbi seyrə balonlarda çıxır,
Biz hələ avtomobil minməyiriz.

Özgə necə olmalıdır ki?! Dövlətin külli miqdarda vəsaitini yaramaz “multimedia tədris vəsaitləri” dəyirmanında üyütmədilərmi? Bu vəsaitlərin xeyrini görən oldumu? Beyinləri kiflənmiş təhsil məmurlarımızsa yenə də qohum-əqrəbalarına, dost-tanışlarına sınıq-salxaq kağız dərsliklər hazırlatdırmaqdadırlar. Çünki bu adamlar müasir təhsilin mahiyyətini anlamaq qabiliyyətində deyillər. Onların beyinləri, yalnız və yalnız xortumçuluğa köklənib. Yəqin ki, onlar Türkiyənin FATİH projesini öyrənmək əvəzinə, oradan özləri kimi bir-iki “kifli pensioner” gətirib I, V siniflər üçün “müasir dərsliklər” düzəltdirəcəklər. Dəvəquşu başını quma soxan kimi, elə düşünürlər ki, heç kim bunların yaramaz əməllərini görmür və ya başa düşmür. Cəmiyyətə də utanıb çəkinmədən “yeni dərslik komplektlərinin müsabiqə-tenderini keçiririk” yalanını sırımaqda davam edirlər. Əmindirlər ki, calaq-culaq dərslikləri qalib elan edəndə camaat yenə susacaq. Yaşayarıq, görərik...

Təhsil naziri Misir Mərdanov bu günlərdə Türkiyə ilə ortaq dərslik yaratmaqdan danışdı. Vallah adam bunu eşidəndə Azərbaycan təhsili, ümumiyyətlə, ölkə adına xəcalət çəkir. Deməli, bu sistemə başçılıq edən şəxs hələ də anlamır ki, iki fərqli sistemi bir-birinə uyğunlaşdırmadan – ortaq tədris planı, ortaq təhsil proqramı yaratmadan ortaq dərslik yaratmaq olmaz. Bundan sonra hansı keyfiyyətli dərslikdən söhbət gedə billər?

Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı o gün yenə İTV-nin “Carçı” proqramında iki ayağını bir başmağa dirəyərək yeni dərsliklərin keyfiyyətli olacağından danışırdı. Bu adamın danışığına qulaq asanda, istər-istəməz, yadıma ekspert Fikrət Süleymanoğlunun onun haqqında yazdığı məşhur “Danış bə adam!” köşəsi düşür. Adama deyirlər, Misir Mərdanov təhsil naziri olduğu müddətdə 14 yaramaz dərsliyin müəllifi olub. Deyir: Hə olsun, qanun qadağan etmir ki! Adama deyirlər, vəzifədə olduğun müddətdə sən və övladın bir neçə dərsliyin müəllifi olmusunuz. Deyir: Hamı yaza bilər, biz yox?!

İndi adamdan soruşan gərək: Qanunun qadağan etməməsi məgər bu anlama gəlir ki, məmurun ictimai məsuliyyəti, vəzifə əxlaqı olmamalıdır? Adam xeyli əvvəl TQDK ekspertlərinin biologiya və tarix dərsliklərilə bağlı rəylərinə görə tozanaq qoparmışdı. Az qalırdı göy qübbəsini TQDK sədrinin başına uçursun. Sonda nə oldu, həmin rəylə razılaşıb səhvləri etiraf etmədimi, onları növbəti nəşrdə düzəldəcəklərinə söz vermədimi?

Şəxsən mən belə fikirdəyəm ki, baş azad olanda yaxşı şeylər yarada bilir. Amma bəzi təhsil məmurları tamamilə başqa fikirdədirlər. Onlar əmindirlər ki, baş qoltuq altında olanda daha “rahat” olur...

Nadir İSRAFİLOV
təhsil eksperti


Geri qayıt