Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILARIN ÜMUMİ BƏLASI VAR:

“ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILARIN ÜMUMİ BƏLASI VAR:


27-03-2012, 14:41
“ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILARIN ÜMUMİ BƏLASI VAR:

– MENTALITET VƏ HAKIMIYYƏT”

(Tanınmış hüquq müdafiəçisi, Ermənistan Helsinki Assosiasiyasının rəhbərinin Turan agentliyinə müsahibəsi)

Sual: Ermənilərlə azərbaycanlıların barışması mümkündür? Əgər mümkündürsə, onda bunu etmək üçün hər iki tərəf hansı addımları atmalıdır? Bu, həm hakimiyyətə, həm də sıravi vətəndaşlara aiddir.

Nizamlanma məsələsində Yerevanın mövqeyi olduqca sərtdir. Bu, sıravi vətəndaşların əhval-ruhiyyəsini nə dərəcədə əks etdirir? Bu gün Ermənistanda “sülh partiyası” varmı, yoxsa yalnız “müharibə partiyası” mövcuddur?

Cavab: Sərtlik yalnız rəsmi Yerevanın yox, həm də Bakının mövqeyidir. Hər iki tərəf gücdən danışır. “Sülh partiyası” nəinki Ermənistanda, Azərbaycanda da yoxdur. Ayrı-ayrı siyasi xadimlər var.

Ermənistanla bağlı deyə bilərəm ki, liberal-demokratik dəyərlərin daşıyıcıları olan siyasətçilər bu anlama daha çox yaxın ola bilər. Onlar müxalifətdə olan Erməni Ümummilli Konqresində və yeni yaranmaqda olan “azad demokratlar”ın arasında da var. Əminəm ki, onlar Azərbaycanda da var, ancaq hakimiyyətdə yox. Bizim respublikalardakı indiki hakimiyyətlər yalnız sözdə barışıq, nizamlanma görüntüsü yaradırlar, əməldə isə “müharibə” siyasətini davam etdirirlər.

Birmənalı olaraq, barışıq nizamlanmadan sonra mümkündür. Nizamlanma isə baş verənləri dərk etdikdən və ikitərəfli peşmanlıqdan sonra olacaq. Mən kor-koranə dini tövbədən danışmıram. Prinsipcə, ölkələrin hüdudlarından kənarda ermənilərlə azərbaycanlılar ünsiyyətdə olur, dostluq edirlər, birgə biznes qururlar. Odur ki, demək olar ki, məsələ həll olunub, xırda iş qalıb ki, həm sizdə, həm də bizdə hakimiyyəti dəyişmək. Artıq bəsdir vasitəçilərə müraciət olundu, istənilən məsələni özümüz həll edə bilərik. Bundan ötrü ölkələrimizdə ağıllı adamlar yetərincədir.

Sual: Bu yaxınlarda Azərbaycanda Xocalı, Ermənistanda isə Sumqayıt faciəsinin 20-ci ildönümü qeyd olundu. Hər iki ölkədə baş verənləri necə qiymətləndirirsiniz? Bu hadisələrə görə məsuliyyəti kim daşıyır?

Cavab: Hər cür millətçilər, müxtəlif idarələrdən olan bacarıqlı “təxribatçılar”...Və sadəcə, insanlığını itirmiş adamlar ki, bunlar Ermənistanda da, Azərbaycanda da kifayət qədərdir.

Sual: Tarix boyunca ermənilərlə azərbaycanlıların (türklər) vaxtaşırı vuruşmasını, qan tökməsini və sonradan barışmasını nə ilə izah etmək olar? Bu niyə baş verir?

Cavab: Mənim üçün cavab sadə və birdir: mentalitet.

Cual: Azərbaycandan olan həmkarlarla birgə layihələrin, proqramların həyata keçirilməsini mümkün hesab edirsiniz? Bu gün hər iki ölkənin vətəndaş cəmiyyətini nə birləşdirə bilər? Hər iki ölkənin xalqı və cəmiyyətləri üçün hansı məsələ və mövzuları aktual sayırsınız?

Cavab: Azərbaycandan olan həmkarlarımla məni köhnə və fikrimcə, mehriban dostluq bağlayır. Biz dəfələrlə müxtəlif birgə proqramlarda iştirak etmişik. Xalqlarımız üçün aktual olan məsələ birdir – həm Ermənistanda, həm də Azərbaycanda əsas insan hüquq və azadlıqlarının hakimiyyət tərəfindən pozulması və məhəl qoyulmamasıdır. Hakimiyyətdə olanların özbaşınalığına qarşı birgə mübarizə bəlkə də vətəndaş cəmiyyətinin nümayəndələrini artıq birləşdirib.

Sual: Ermənistanda indiki hakimiyyət dövründə nizamlanma məsələsində dönüşün əldə olunacağına inanırsınız?

Cavab: Münaqişənin dinc yolla nizamlanması həm Azərbaycanda, həm də Ermənistanda legitim və demokratik hakimiyyətin olduğu şəraitdə mümkündür. Bu cür “status-kvo” isə təəssüf ki, bizim ölkələrin hakimiyyətləri üçün sərfəlidir.

Sual: Azərbaycanda belə fikir var ki, Ermənistan müstəqil dövlət deyil və Moskvanın istəyi ilə hərəkət edir. Bu fikirlərlə razısınız?

Cavab: Ermənistan müstəqil dövlətdir. Ermənistan hakimiyyətində Rusiyanın güclü nəzarəti altında olan adamların olması başqa məsələdir. Bizdə Rusiyanın hərbi bazaları var ki, bu da siyasi kursa təsir göstərməyə bilməz. Digər tərəfdən, Amerika və ya Rusiya bazalarının yerləşdiyi ölkələr müstəqil dövlətlər deyil?

Əgər ədalətli danışsaq, onda Rusiyanın nəzarəti və ya hansısa təsiri altında olan təkcə Ermənistan deyil.

Bəs qaz alan Avropa ölkələri? Cekson-Venik düzəlişinin ləğvi ilə bağlı bu yaxınlarda ABŞ Konqresində keçirilən debatlar? Rusiya ilə, onun imperiya xüsusiyyətləri, liderlərin DTK sayağı hərəkətləri ilə hamı hesablaşır. Mənim bunu bəyənib-bəyənməməyim isə başqa məsələdir. Cavab birmənalıdır – xeyr.

Sual: Fransa Konstitusiya Şurasının erməni soyqırımının inkarının kriminallaşdırılması haqqında qanunu qəbul etməməsinə münasibətiniz necədir?

Cavab: Fransa Konstitusiya Şurasının qərarından çox əvvəl mən erməni jurnalistlərin suallarını cavablandırarkən demişdim ki, bu qanun insan hüquqlarına, söz və ifadə azadlığına ziddir.

Sual: Robert Köçəryan hakimiyyətə qayıdarsa, hadisələri necə proqnozlaşdırardınız?

Cavab: Bəyəm o qayıtmağa hazırlaşır?

P.S. Ümumiyyətlə, bizim aramızda oxşarlıq çoxdur. Bilmirəm, bu, yaxşıdır, ya pis. Mentalitetimiz də oxşardır. Bəlkə də buna görə eyni zərrəciklər bir-birini itələyir. Bizim hakimiyyətlərimiz də oxşardır və bu da bizim ümumi bəlamızdır.

Geri qayıt