Əsas Səhifə > Dünya > LUKAŞENKO RUSİYANI İTTİHAM ETDİ

LUKAŞENKO RUSİYANI İTTİHAM ETDİ


7-10-2011, 16:26
LUKAŞENKO RUSİYANI İTTİHAM ETDİ

BELORUSİYADAKI VALYUTA BÖHRANINA GÖRƏ

Bu ilin yanvar ayından etibarən Belarusda başlayan valyuta böhranının günahkarları qlobal iqtisadi böhran, Rusiya və Belarus arasında vahid iqtisadi məkanın yaradılması, həmçinin enerjidaşıyıcılarının qiymətinin Rusiya tərəfindən qəfildən artırılmasıdır. “İnterfax”ın xəbərinə görə, bu bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.

Onun sözlərinə görə, son 5 ildə Rusiya enerjidaşıyıcılarının qiymətini 5 dəfə artırıb. Üstəlik, Gömrük İttifaqı daxilində bir sıra qanun layihələri Moskvanın maraqları çərçivəsində qəbul olunub: “Məsələn, Gömrük İttifaqı ərazisinə gətirilən avtomobillər üçün rüsumlar 2011-ci ilin ortalarına qədər yerli istehsalı qorumaq məqsədilə yalnız Rusiyada qüvvədə olub”.

A.Lukaşenko Rusiya KİV-nin və ayrı-ayrı məmurların Belarus iqtisadiyyatı ətrafında ajiotaj yaratdığını vurğulayıb: “Amma Rusiya KİV və artıq olmayan həmin məmurlar bununla bizə kömək etdilər”.

Böyük ehtimalla Belarus prezidenti Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrini nəzərdə tutub. Çünki Rusiyanın dominantlıq etdiyi “EvrAzES” Belarusa çoxmilyardlıq kredit ayırandan sonra A.Kudrin kreditin şərtlərinə yenidən baxılacağını istisna etməyib. Buna səbəb Belarus ərazisində Rusiya KİV-nin fəaliyyətinə maneə yaradılması olub.

Qeyd ki, bu ilin əvvəlindən Belarusda valyuta böhranı yaşanır. Buna səbəb milli valyutanın devalvasiyasından ehtiyatlanan yerli əhalinin dollar və avro almağı sürətləndirməsidir. Nəticədə hökumət ölkənin qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini valyutaya olan tələbatın ödənilməsinə yönəltməyə, eləcə də valyuta sövdələşmələrinə məhdudiyyət tətbiq etməyə və yerli rublu devalvasiya etməyə məcbur olub. Sentyabrda Belarus rublunun kursu yenidən aşağı salınıb.

Geri qayıt