Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEVİN SÖKÜNTÜ SİRRİ

RÖVNƏQ ABDULLAYEVİN SÖKÜNTÜ SİRRİ


5-04-2012, 13:51
RÖVNƏQ ABDULLAYEVİN SÖKÜNTÜ SİRRİ

ARDNŞ RƏHBƏRİ QANUNSUZ TİKİLİLƏRDƏ ÖZ PAYININ DAVASIN APARIR

DİA.AZ: - Bakıda mübahisəli torpaqların yenidən bölüşdürülməsinə başlanılıb. Əsas rəqabət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, ARDNŞ prezidenti rövnəq Abdullayev və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov arasında gedir.

Burada əsas iddiaçı ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. Baş neftçi iddia edir ki, Neft Şirkətinin balansında olan torpaqlar BŞİH başçısı Hacıbala Abutalıbov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov vasitəsi ilə iş adamlarına satılıb. Yəni söhbət təkcə vətəndaşların inşa etdiyi fərdi yaşayış evlərindən getmir. H.Abutalıbov və Q.Məmmədov vasitəsi ilə iş adamlarına satılan torpaqlar artıq özəlləşdirilib. İndi həmin torpaqları geri qaytarmaq hüquqi baxımdan çox çətin olsa da, R.Abdullayev iddialarında israrlıdır. Məsələ bundadır ki, R.Abdullayev həmin torpaq yiyələrinə yolladığı «mənimlə də «halallaşmaq» lazımdır, çünki torpaqlar Neft Şirkətinindir» mesajına mənfi reaksiya verilib. Torpaq yiyələri belə hesab edirlər ki, onlar torpağın alınması üçün rəsmi rüsumları və qeyri-rəsmi ödənişləri artıqlaması ilə ödədiklərindən və torpaq üzərində mülkiyyət hüququ əldə etdiklərindən ARDNŞ şefi ilə «halallaşmağa» ehtiyac yoxdur.

Mənbə DİA.AZ-a bildirib ki, belə torpaq sahələrinin sayı çox olduğundan R.Abdullayev məsələni məhkəmə müstəvisində həllinə ümid etmir. Birincisi, bu, vaxt aparan prosesdir. İkinci, məhkəmədə qalib gəlmək elə də asan deyil. Çünki qanuni aspektlər daha çox torpaq sahiblərinin xeyrinədir. Nəhayət, bu torpaq sahələrinin çoxu ayrı-ayrı oliqarxların nəzarətindədir. Ona görə də R.Abdullayev problemi prezident sərəncamı ilə həll etməyə çalışır.

Bundan başqa, Azərbaycanda vahid torpaq kadastr sisteminin qurulması, elektron məlumat bazasının yaradılması layihəsi faktiki olaraq icra edilməyib. Komitənin sədri Qərib Məmmədovun fəaliyyəti layihənin icrasına imkan verməyib. Dövlətə məxsus xeyli torpaq sahəsi komitənin vasitəsi ilə mənimsənilib. Son məlumata görə, fərdi və hüquq şəxslərin mülkiyyətində olan torpaqların mülkiyyətçilik hüquqi ilə bağlı 4500 məhkəmə çəkişməsi gedir. Bundan başqa ölkə ərazisindəki torpaqların dövlət və ya bələdiyyə mülkiyyəti, həmçinin də şəxsi mülkiyyətdə olması ilə bağlı olaraq heç bir vahid plan mövcud deyil. Bu məhkəmə çəkişmələrinin əsas səbəblərindən biri dövlətə məxsus torpaqları komitə vasitəsi ilə fiziki və hüququ şəxslərə verilməsidir. Bu məsələdə isə Q.Məmmədovun H.Abutalıbovla maraqları toqquşur. H.Abutalıbov belə hesab edir ki, Q.Məmmədov meriyanın balansında olan torpaqların da bir hissəsini satışa çıxarıb.

Mənbə deyir ki, merlə komitə sədri arasında maraqların toqquşması bələdiyyə torpaqlarının satılması hüququnun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilməsindən başlayıb. 2010-cu ildən başlayaraq bələdiyyələr torpaqları komitənin təşkil etdiyi hərraclar vasitəsi ilə satılır, meriya isə prosesdən tam kənarda qalıb. Bununla barışa bilməyən mer komitəni özünə məxsus torpaq sahələrini satmaqda ittiham edir. O bu məsələdə dövlət başçısının dəstəyinə ümid edir.

Mənbə bildirir ki, Q.Məmmədov da öz növbəsində R.Abdullayev və Q.Məmmədovun ittihamlarını əsassız hesab edir. Onun fikrincə, torpaq üzərində mülkiyyət hququnun tanınması qanuni yolla həyata keçirilib, qanuna və prezidentin sərəncamlarına istinad edilir. Göründüyü kimi, paytaxtda torpaq sahələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizə başlayıb. Bunun gerçək səbəbi Bakıda torpaqların çox baha olmasıdır. Bu gün Bakıda torpağın qiyməti inkişaf etmiş Avropa ölkələrini belə geridə qoyur. Adi bir müqayisə. Londonun mərkəzinə yaxın ərazilərdə villalar 15-20 sot torpaq sahəsi ilə birlikdə 600-800 min dollara satıldığı halda, Bakının mərkəzinə yaxın ərazilərdə, məsələn, metronun «Gənclik» gənclik stansiyasının yaxınlığında 4 sot boş torpağn qiyməti 1 milyon manatdır - 1,2 milyon dollardan çox. Ona görə də adıçəkilən məmurlar bu çox gəlirli biznesi ələ keçirmək uğrunda mübarizə aparırlar.


Geri qayıt