Əsas Səhifə > Sosial, Manşet > NAXÇIVANDA “BESPREDEL” DAVAM EDİR

NAXÇIVANDA “BESPREDEL” DAVAM EDİR


5-04-2012, 15:19
NAXÇIVANDA “BESPREDEL” DAVAM EDİR

NAXÇIVAN XANI VASİF TALIBOVDAN SÖZ AZADLIĞINA YENİ “TÖHFƏLƏR”

Ötən gün Sədərək gömrüyünün əməkdaşları Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) regional müxbirləri Həkimeldostu Mehdiyevlə Elman Abbasovun diktofon, fotoaparat və videokamerasını əllərindən alıblar. Hadisə jurnalistlər Türkiyədən ezamiyyətdən qayıdarkən baş verib.

“Son zamanlar vətəndaşlar gömrükçülərin hərəkətlərindən şikayət edirlər. Hadisəni yerində öyrənmək məqsədilə şikayətləri yoxlamaq üçün sərhədi keçmək qərarına gəldik. Gedəndə bizi saxladılar və 20 manat “rüsum” tələb etdilər, halbuki, Culfa gömrük məntəqəsində bunu istəmirlər. Gömrük əməkdaşları öz dediklərinin üstündə durdular və biz də xidməti məqsədimizin naminə pulu verdik”, - H.Mehdiyev qeyd edib.

Jurnalistlər geri qayıdarkən onları bir neçə dəfə yoxlayıblar, lakin onların yükü qanun normalarına uyğun olub. Bununla belə, qaçaqmalçılıq şöbəsinin rəisinin iştirakı ilə diktofon, fotoaparat və videokameranı əllərindən alıblar, onları həmin əşyaların deklarasiyada göstərilməməsində ittiham ediblər.

E.Abbasov deyib ki, bu, qanunsuzdur, çünki aparatura təzə deyil. Bundan əlavə, gömrükçülərdən heç kim həmin əşyaların deklarasiyada göstərilməsini tələb etməyib. Nəhayət, 1000 dollara kimi dəyəri olan əşyalar deklarasiyada göstərilmir.

Sonra gömrükçülər gömrük haqqındakı tənqidi yazıları jurnalistlərin yadına salıblar. Bu gün jurnalistlər NMR Dövlət Gömrük Komitəsinə gediblər, Daxili Təhlükəsizlik İdarəsinin müfəttişi Rasim Əliyevlə görüşüblər. Lakin aparaturanı jurnalistlərə qaytarmayıblar, bildiriblər ki, onların müraciətinə baxılacaq.

NMR DGK-nın rəhbəri Məhəmməd Seyidov jurnalistləri gömrükçülərin korrupsiya faktlarından şikayət edən iş adamı Məhəmməd Qurbanovun hüquqlarını müdafiə etməkdə ittiham edib.

H. Mehdiyev və E. Abbasov həmçinin bildiriblər ki, son vaxtlar vətəndaş cəmiyyəti fəallarının ətrafında dözülməz vəziyyət yaranıb. “Məktəblərdə uşaqlarımızı rahat buraxmırlar. Qohumlarımıza, tanışlarımıza təzyiq göstərirlər ki, bizimlə ünsiyyət qurmasınlar”, - E.Abbasov vurğulayıb.


Geri qayıt