Əsas Səhifə > Partiya > CHP-DƏN MÜSAVATA DƏSTƏK

CHP-DƏN MÜSAVATA DƏSTƏK


8-10-2011, 13:01
CHP-DƏN MÜSAVATA DƏSTƏK

“GÖRÜLMƏLİ İŞ ÇOX, YOL İSƏ UZUNDUR”

Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı partiyanın qərargahında keçirilən tədbir bu gün də davam edib. “Qafqazinfo”nun məlumatına görə, tədbirdə ilk olaraq Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Osman Faruk Loğoğlu çıxış edib. CHP lideri Kamal Kılıcdaroğlunun salamlarını və təbrikini Müsavat Partiyasına çatdıran sədr müavini Azərbaycanın gələcəyinin parlaq olacağını qeyd edib: “Azərbaycan müstəqilliyə yeni qədəm qoyub və bu müddətdə bir sıra mühüm işlər görülüb. Amma bununla bərabər irəliləməyən tərəflər də var ki, buna nail olmaq lazımdır. Görülməli iş çox, yol isə uzundur. Bu yolda CHP sizin yanınızda olacaq”.

Tədbirdə Osman Faruk Loğoğluna Müsavatla CHP-nin əlaqələrinin möhkəmlənməsi üçün fəaliyyəti ilə əlaqədar olaraq partiyanın mükafat təqdim olunub.

Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə çıxışında bildirib ki, bu gün Azərbaycanda siyasi partiyaların yaşaması üçün şərait yoxdur: “Ona görə də Müsavat Partiyası öz yerini ala bilməyib. İnanıram ki, Müsavat Azərbaycanda iqtidarın tək hakimi olacaq. Azərbaycan bu gün Rəsulzadə ruhuna sarılıb onun ideyaları ilə iqtidarı idarə etsə, xalq daha xoşbəxt olar. Mən istərdim ki, bu tədbirdə Azərbaycan iqtidarını təmsil edən insanlar da iştirak etsin. Heç olmasa Müsavatın 100 illiyi ilə bağlı iqtidarla Müsavat Qarabağ probleminin həllində bir araya gəlsinlər. Çünki bu milli davadır”.

İ. Qəmbər isə onun çıxışına replika verərək deyib ki, “əgər iqtidar bura gəlmirsə, biz iqtidara gələcəyik”.

AXCP sədri Əli Kərimli isə bildirib ki, Azərbaycan hakimiyyəti Müsavatın 100 illik yubiley tədbirlərini əngəlləməklə öz cılızlığını göstərib: “AXCP ilə Müsavatın sıx birliyi var. Hətta hakimiyyət bizə böhtan atanda belə “AXCP-Müsavat cütlüyü” ifadəsini işlədir. Mən hesab edirəm ki, əgər bu partiyanın başqanı İsa Qəmbər olmasaydı Müsavat bu Azərbaycanda ən nüfuzlu partiya olmazdı. Bu hakimiyyətin isə perspektivi yoxdur. Onların sonu gələcək. Ümid edirəm ki, 100 illik yubiley Müsavat üçün bir stimul olacaq və yeni mərhələyə qədəm qoyacaqlar”.

Tədbir davam edir.

Qeyd edək ki, tədbir keçirilən zal kiçik olduğundan Müsavat Partiyasının qərargahı qarşısına televizorlar qoyulub və partiya üzvləri küçədə konfransı canlı olaraq izləyirlər.


Geri qayıt