Əsas Səhifə > Sosial, Manşet > «ÇAKIR» QARADAĞI ALT-ÜST EDİB

«ÇAKIR» QARADAĞI ALT-ÜST EDİB


6-04-2012, 12:31
«ÇAKIR» QARADAĞI ALT-ÜST EDİB

JURNALİSTLƏRLƏ DOST OLMAQ İSTƏYƏN BAŞÇININ BAZAR MAXİNASİYASI

DİA.AZ: - Qaradağın icra başçısı Süleyman Mikayılov dünən baş redaktorlarla görüşlər təşkil edərək, onlarla təmas qurub. Hər halda, bir icra başçısının bu addımını təqdir etmək olar. Ən azından o səbəbə görə ki, rayon rəhbərləri dünənə qədər özlərini başçıları olduqları rayonun padşahları kimi aparıblar. Amma görünür, Qubada baş verən olaylar icra başçıları üçün siqnal rolunu oynadığından indi onlar mətbuata və cəmiyyətə açıq olduqlarını nümayiş etdirmək fikrinə düşüblər.

Amma bu kimi görüşlərin özü belə başçıların ayıblarının ört-basdır edilməsinə yardımçı ola bilməz. Elə götürək Qaradağın icra başçısı Süleyman Mikayılovu. Hər halda, onun Qaradağda imza atdığı özbaşınalıqlar davamlı olaraq mətbuat səhifələrindən düşməyib. Elə dünən də redaksiyamıza «Çakır» ləqəbli Süleyman Mikayılovdan dad deyən bir şikayətçinin - Lökbatan qəsəbəsi 20 Yanvar küçəsi 8/18A-da yaşayan Hüseynov Mirzəkərim Ağa oğlunun yolladığı şikayət məktubundan da icra başçısının hansı əməllərdə bulunduğu tam olaraq ortaya çıxır.

Bildirək ki, DİA.AZ redaksiyasına daxil olan həmin məktubun əsası da prezident İlham Əliyevə ünvanlanıb. Məktubda deyilir: «Lökbatan qəsəbəsi 28 May küəçsində yerləşən 15 saylı bazara bitişik ərazidə «Azərittifaq»a məxsus mağaza yerləşir. Mən uzun müddət bu mağazada işləmişəm. Bildirim ki, həmin ticarət obyekti 1982-ci ildən fəaliyyət göstərirdi. Nə mənim, nə də mağazada işləyənlərin xəbəri olmadan Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov həmin mağazanı özünə yaxın olan şəxsin adına özəlləşdirərək mənimlə bərabər həmin ticarət obyektində haqqı olan daha 11 nəfərin də qanuni əmlakına qanunsuz olaraq sahib çıxıb».

Şikayətçi bildirir ki, bu iş artıq məhkəmə instansiyalarında da predmetə çevrilib: «Təbii ki, Süleyman Mikayılovun sifarişi ilə işləyən Qaradağ rayon məhkəməsi bu işə baxaraq ədalətsiz qərar çıxardı. Amma bu qərarın Ali Məhkəmə tərəfindən ləğv edilməsinə baxmayaraq, Süleyman Mikayılov qanunsuz olaraq Qaradağ rayon məhkəməsi tərəfindən çıxarılan qərarı icra etdirib. Halbuki bu məsələyə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılmalı idi».

Daha sonra şikayət məktubunda yazılır ki, Süleyman Mikayılov Qaradağ rayon məhkəməsinin hakimləri Rəşad Mustafayevi və İsmayıl Xəlilovu öz xeyrinə, qanunsuz olaraq qərar çıxarmağa məcbur edir: «Şikayətçilər nəhayətdə 1 saylı İnzibati İqtisad Məhkəməsində işə baxılmasına nail olur. İşə ədalətli baxan sözügedən məhkəmə instansiyası icra hakimiyyətindən zərərçəkmişin hesabına 400 min manat maddi təzminatın ödənilməsi barədə qərar çıxarsa da, bu vəsait ödənilməyib».

Məktubdan bəlli olur ki, Süleyman Mikayılov əslində bazarı özü işlətmək fikrinə düşüb və hətta öz hesabına bazarı təmir də etdirib: «Bazarda ayrı-ayrı sahibkarlara məxsus olan obyektlər də Süleyman Mikayılovun göstərişi ilə dağıdılıb».

Şikayətçi bildirir ki, 15 il fəaliyyət göstərmiş və bazara heç bir aidiyyatı olmayan həmin macaza qanunsuz olaraq 2 ay 15 saylı bazara rəhbərlik etmiş şəxsin adına özəlləşdirilib: «Bu zaman Azərbaycan Respublikasının qanunları da ayaq altına alınıb ki, biz də dövlət rəhbərliyindən qanunların bərpasını xahiş edirik. Süleyman Mikayılov elə hesab edir ki, Qaradağ rayonu onun əmlakıdır və biz sakinlər dəməhkum olunmuş məhbuslarıq. Xahiş edirik, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu özəlləşdirmə işi yenidən araşdırılsın və günahkarlar müvafiq qaydada cəzalandırılsın».


Geri qayıt