Əsas Səhifə > Hadisə > “MÜBAHİSƏ HƏR YERDƏ VAR”

“MÜBAHİSƏ HƏR YERDƏ VAR”


15-09-2011, 13:17
“MÜBAHİSƏ HƏR YERDƏ VAR”

“AKKORD” QAZAXDAKI QALMAQALLA BAĞLI AÇIQLAMA YAYDI

DİA.AZ: - Akkord Korporasiyasının mətbuat xidməti Qazax Sement Zavodunun tikintisində işləmiş bir qrup keçmiş işçinin bəzi mətbuat vasitələrində verdiyi bəyanatla əlaqədar açıqlama yayıb.

“Dünya” İnformasiya Agentliyi (dia-az.life) olaraq həmin açıqlamanı təqdim edir: “Akkord Korporasiyası bütün işçiləri ilə münasibətlərini Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hüquqi müstəvidə qurur və hər hansı işçinin haqqının tapdalanmasına yol verməyəcəkdir. Qazax Sement Zavodunun tikintisi Akkord Korporasiyasının Azərbaycanın şimal-qərb regionunda aparılan ən iri biznes layihəsidir. Qazax Sement Zavodu gələn il işə salınandan sonra regionun iqtisadi inkişafına ciddi təsir göstərən və yerli əhali üçün çoxsaylı iş yerlərini təmin edən mühüm sənaye-istehsal obyektinə çevriləcəkdir. Hazırda bu istiqamətdə 500-ə yaxın işçi normal iş şəraitində yüksək əmək haqqı ilə işlə təmin olunmuşdur ki, bunların da əsas hissəsini yerli əhali təşkil edir.

Təəssüf ki, hazırda məhkəmədə iddia qaldırmış bir qrup keçmiş işçi üzləşdiklərini iddia etdikləri problem barədə Korporasiyanın rəhbərliyinə bu vaxtadək hər hansı müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişlər. Lakin, Akkord Korporasiyası hər bir işçinin məhkəməyə və ya digər instansiyalara şikayət vermək hüququna hörmətlə yanaşır və şikayətdə və ya iddiada irəli sürülən tələblər haqlı olduqda onu dərhal təmin etməyə hazır olduğunu bildirir.

Akkord Korporasiyası iddiaçı tərəfin hüquqlarının pozulmasını iddia etməsi ilə bağlı bəyanatında bildirilən məqamlara şərh vermədən, məsələnin hərtərəfli araşdırılmasını istəyir və bunun üçün tələb olunan bütün tədbirləri görəcəkdir. Normal iş prosesində işçi və işəgötürən arasında mübahisələrin yaranması heç bir yerdə istisna olunmur, amma bunların şişirdilməsi, faktların təhrif edilməsi, hər hansı bir aksiya donunun geyindirilməsi yersiz və qeyri-konstruktivdir. Hüquqi məsələlər öz hüquqi həllini hüquqi vasitələrlə, normal araşdırma prosesində və qarşılıqlı hörmət əsasında tapmalıdır.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq məhkəmə iclasları bu ilin sentyabr ayının axırına və oktyabr ayının əvvəlinə təyin olunmuşdur. Akkord Korporasiyası öz hüquq və qanuni maraqlarının müdafiə olunması üçün müvafiq hüquqi hazırlıq işlərini görməkdədir. Eyni zamanda, bir qrup keçmiş işçinin iddia ilə, həllini qarşılıqlı anlaşma qaydasında tapmaqdan yayınmaqla, işəgötürənlərinə qarşı məhkəməyə müraciət etməsi halı Akkord Korporasiyasını təəssüfləndirir və bunun üçün Akkord Korporasiyası iddiaçıların qanuni və ağlabatan tələblərini öz hüquqlarından üstün tutmaqla, məhkəmədənkənar qaydada da nəzərdən keçirməyə hazırdır.

Akkord Korporasiyası hər zaman olduğu kimi, indiki halda da öz fəaliyyətində işçilərinə və ümumiyyətlə, əməkdaşlıq etdiyi tərəflərə yüksək qayğı və hörmətlə yanaşılması kimi daimi iş prinsipinə sadiq qalacaqdır.”


Geri qayıt