Əsas Səhifə > Partiya > “BİR YERDƏ OLSAQ, BİZƏ GÜC ÇATMAZ”
“BİR YERDƏ OLSAQ, BİZƏ GÜC ÇATMAZ”6-04-2012, 13:13 |
MÜXALİFƏT BAKIDA VƏRƏQƏ YAYIR “İctimai Palata dünən və bu gün Bakıda mitinqə çağırış xarakterli vərəqələr yayır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında, Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O, bildirib ki, vərəqlərdə mitinqin şüarları, məqsədi və mitinq keçirilən yerə hansı nömrəli avtobusların gəldiyi haqqında məlumat verilib: “8 aprel mitinqinin texniki və təşkilati işləri tamamlamaq üzrədir. Mitinqin izdihamlı keçməsi üçün işlər davam edir. Bu gün Müsavat Partiyası yerli şöbələrinin nümayəndələri ilə mitinqlə bağlı müşavirə keçirib, mitinq haqqında geniş kütləni məlumatlandırmaq tapşırılıb”. “Qafqazinfo” şəhərdə yayılan vərəqəni əldə edib. Vərəqələrin mətnində belə yazılıb: “MITINQƏ ÇAĞIRIŞ Əziz həmvətənlər, 08 aprel 2012-ci il tarixdə saat 16-dan 18-dək Bakı şəhərində 20-ci yaşayış sahəsində, Sürücülük məktəbinin təlim meydanında İctimai Palatanın razılaşdırılmış mitinqi olacaq. Haqsızlıqlara, qanunsuzluğa, özbaşınalığa, korrupsiyaya yox demək üçün, Siyasi və vicdan məhbuslarının azad olunması naminə, Özünüzün, ailənizin, uşaqlarınızın bu günü və gələcəyi uğrunda, Ləyaqətli, şərəfli həyat naminə mübarizəyə qoşulun, bu mitinqdə iştirak edin. Evi uçurulub küçəyə atılanlar, malı mülkü əlindən alınanlar, əmanəti oğurlananlar, təzyiqlərə məruz qalan taksi sürücüləri, əmək haqqı adına qəpik quruş alan müəllimlər, həkimlər. millətin vicdanı ziyalılar, öz haqqınız, hüququnuz, mülkiyyətiniz, çörəyiniz üçün gəlin. Tək əldən səs çıxmaz. Bir yerdə olsaq isə bizə güc çatmaz Ey Azərbaycan gəncliyi, bu millət. bu Vətən sənə əmanətdir. Bu gün çox şey səndən asılıdır. Sənin əzminə, cəsarətinə ehtiyac var. Gəl və Azadlıq gətir! Mitinqin keçirildiyi ünvana - "28 May”, “Sahil” metrostansiyalarından və “AzNeft” dairəsindən - 88, 207, 120, 121, 124 - “Elmlər Akademiyası” metrostansiyasından - 5, 193 - “Xətai” metrostansiyasından - 121 - “20 Yanvar” metrostansiyasından - 205 - “Koroğlu” (keçmiş “Əzizbəyov”) metrostansiyasından - 207 nömrəli marşrutlarla - Badamdar qəsəbəsindən - 34 - Yeni Avtovağzaldan – 5, 137 saylı marşrutlarla gələ bilərsiniz. Təşkilat Komitəsi” Geri qayıt |