Əsas Səhifə > Partiya > SABAHKI MİTİNQDƏ HANSI PROBLEMLƏR YARANA BİLƏR?

SABAHKI MİTİNQDƏ HANSI PROBLEMLƏR YARANA BİLƏR?


7-04-2012, 12:38
SABAHKI MİTİNQDƏ HANSI PROBLEMLƏR YARANA BİLƏR?

HAKİMİYYƏTİN MİTİNQ “TAKTİKASI”

Gənclərin mart ayının 17-i keçirdikləri mitinq zamanı nəqliyyat vasitələrindən istifadə etmək üçün süni maneələr yaradılaraq, əraziyə gələn avtobusların vaxt-intervalı uzadılmışdı. Bəs müxalifət analoji problemlə qarşılaşmamaq üçün 8 aprel mitinqi üçün hər hansı alternativ tədbirlər görəcəkmi?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, mitinq keçirilən ərazidə avtobusların qrafiklə işləməsinin belə, yaranacaq sıxlıq probleminin qarşısını almayacağını bildirdi: “Ona görə ki, minlərlə insanın eyni bir istiqamətdə hərəkət etməsi ciddi şəkildə problemlər yaradacaq. Hakimiyyət insanlar üçün normal yerlərdə mitinq keçirməyə şərait yaratmalıdır ki, mitinq iştirakçılarının həmin əraziyə gedib-gəlməsi rahat olsun. Aidiyyəti qurumlar başa düşmürlər ki, mitinq keçirilən ərazi istiqamətində hər hansı bir problem yaransa, bundan müxalifət yox, iqtidar və vətəndaşlar əziyyət çəkəcəklər.”

Sonra Tofiq bəy qeyd etdi ki, hakimiyyət müxalifətə ən normal və ağlabatan yerlərdə mitinq keçirməyə icazə vermir: “Bunlar hər hansı bir absurd bəhanə gətirirlər ki, guya müxalifətin müraciətdə göstərdiyi yerlərdə mitinq keçirmək avtomobillərin hərəkətinə mane ola bilər. Lakin özləri elə yer təyin edirlər ki, həmin yerlərdə avtomobillərin hərəkəti daha da məhdudlaşır.”

Vətəndaşların mitinqə aparılması üçün hər hansı bir texniki imkanlara malik olmadıqlarını qeyd edən başqan müavini, hamının öz imkanları vasitəsindən istifadə edib mitinqə gələcəyini bildirdi.
“Aksiyanın şüarları nədən ibarət olacaq”, - sualına da aydınlıq gətirən Tofiq Yaqublu, mitinqdə səsləndirilən şüarların “Siyasi məhbuslara azadlıq!”, “Növbədənkənar parlament seçkiləri” və.s. kimi şüarların olacağını qeyd etdi.


Geri qayıt