Əsas Səhifə > Sosial, Manşet > ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU

ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU


7-04-2012, 13:37
ERMƏNİSTANDA AZƏRBAYCAN CASUSU

BİR QRUP ERMƏNİYƏ BU İTTİHAMLA MƏHKƏMƏ HÖKM OXUYUB

Aprelin 6-da Yerevan məhkəməsi bir qrup Ermənistan vətəndaşını Azərbaycanın xeyrinə casusluqda təqsirli bilərək, barələrində hökm çıxarıb.

Karen Mehrabyan, Romik Matevosyan və Aşot Çtrkyan uzun müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

İstintaqın versiyasına görə, bu şəxslər 2011-ci ilin əvvəllərində Türkiyədə ikən Azərbaycan kəşfiyyatı tərəfindən cəlb ediliblər və muzdla əməkdaşlığa başlayıblar.

Onlara Qarabağdakı erməni ordusu, silahları, mühəndis qurğuları haqqında məlumatlar toplamaq tapşırılıb.

Bundan başqa, Ermənistan vətəndaşları Karen Petrosyan, Artur və David Avetikyan Mehrabyanın pul qarşılığında Azərbaycanın kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini bilirdilər, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Karen Mehrabyan 14 il, Romik Matevosyan 10 il, Aşot Çtrkyan 10 il azadlıqdan məhrum edilib.

Karen Petrosyan və Artur Avetikyan 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onlar məhkəmə zalında həbs ediliblər. David Avetikyan 500 min dram (1300 dollar) həcmində cərimə edilib.

Müttəhimlər özlərini təqsirli bilməyiblər. Müdafiə tərəfi ittihamları əsassız və sübuta yetirilməmiş sayır. Casusluq Mehrabyanın öz kompüteri olmadığı üçün İnternet-kafelərdən birində Google-dan “məxfi” məlumatları toplamasından ibarət idi. Məhz bu müəssisənin sahibi “kəşfiyyatçını” ələ verib.


Geri qayıt