Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY GÜLALIYEV MƏHKƏMƏYƏ APARILIB
OQTAY GÜLALIYEV MƏHKƏMƏYƏ APARILIB9-04-2012, 12:03 |
QHT RƏHBƏRİNİN HƏBSİ SİYASİ MOTİVLİDİR Aprelin 8-də Sabirabadda polis tərəfindən saxlanmış “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev bu gün Sabirabad rayon məhkəməsinə aparılıb. Xatırladaq ki, dünən o, Minbaşı kəndində, bu həftə 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinq keçirmiş yerli sakinlərlə görüşdə saxlanılıb. Gülalıyev vətəndaşların şikayətlərini qəbul edir və onların tələblərini dəqiqləşdirirdi. Bu zaman o, polis tərəfindən saxlanılıb və “Qaragüney” polis bölməsinə, daha sonra isə Sabirabad rayon polis bölməsinə aparılıb. Gülalıyev Turan agentliyinə guya insanları hakimiyyətə qarşı etirazlara və çıxışlara təhrik etməkdə ittiham edildiyini söyləməyə müvəffəq olub. Gülalıyev bu ittihamları təkzib edərək, görüşlərin polis zabitlərinin və şahidlərin iştirakı ilə keçirildiyini bildirib. Oqtay Gülalıyev 2010-cu ilin yayından etibarən daşqının nəticələrinin aradan qaldırılması məsələləri ilə yaxından məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur. Qərargah icra orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya, vətəndaşların aldadılması faktlarının üstünü açıb. Gülalıyevin vasitəçiliyi ilə minlərlə insan yarımçıq aldıqları kompensasiyalarını, mənzil və dövlət tərəfindən digər yardımları almağa müvəffəq olublar. “Kür” vətəndaş cəmiyyəti qərargahı Oqtay Gülalıyevin həbsinin siyasi motivli olduğunu hesab edir və vətəndaş cəmiyyətinin iştirakına və bununla da daşqından ziyan çəkmiş vətəndaşlara yardımın paylanması prosesində şəffaflığa imkan verməməyə çalışan hakimiyyətin bu əməllərini pisləyir. Qərargah hakimiyyəti Gülalıyevi azad etməyə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq qərargahın fəaliyyəti üçün zəruri şəraiti təmin etməyə çağırır. 2010-cu ilin mayında baş vermiş daşqın nəticəsində Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox torpaq sahəsi və 20 min ev su altında qalıb. 2012-ci ilin mart ayına qədər dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına ümumilikdə təxminən 350 mln. manat ayrılıb. Lakin bu vəsaitin böyük hissəsi mənimsənilib. Bu il martın 29-da prezidentin əlavə olaraq 50 mln. manat ayrılması haqqında sərəncamından sonra “Kür” qərargahı yardımın paylanmasında vətəndaş cəmiyyətinin iştirakını təmin etmək xahişi ilə dövlət başçısına müraciət edib, lakin Oqtay Gülalıyevin həbsini nəzərə almasaq, cavab almayıb. Geri qayıt |