Əsas Səhifə > Dünya > MAĞAZADA AÇIQ SATIŞDA HEROİN VAR

MAĞAZADA AÇIQ SATIŞDA HEROİN VAR


9-04-2012, 12:11
MAĞAZADA AÇIQ SATIŞDA HEROİN VAR

ƏFQANLAR DEYƏSƏN, HOLLANDLARI DA GERİDƏ QOYURLAR

Əfqanıstanlı Həmid balaca sarı kisədən çıxardığı heroini qəbul edəndən sonra çirkli küçənin bir küncündə uzanır. Parvan əyalətindən olan yorğun yeniyetmə çirkli ədyalı üstünə çəkib deyir ki, o, heroini Çharikarın küçələrinin birində yerləşən mağazadan alıb. O deyir ki, burda mağaza sahibləri uyuşdurucudan tutmuş heroinə qədər hər şey satırlar.

MAĞAZANIN QARŞISINDA HEROİN OLAN KİÇİK TORBALAR GÖRMƏK OLAR

«Hər kəs heroin, ya marixuana satır, ya da istifadə edir, bilmirəm, hökumətin bundan xəbəri varmı? Burda hər kəs narkotik vasitə satıcısı, alıcısıdır. Mağazanın qarşısından ötəndə sən satış üçün içində heroin olan kiçik torbalar görə bilərsən», - Həmid danışır.
Onun dedikləri ilə yerli rəsmilərin bəyanatları arasında kəskin təzad var. Parvanın məmurları bu yaxınlarda bəyan etmişdilər ki, onlar narkotik vasitələrin qanunsuz istehsalını və satılmasını dayandırıblar.

Bu ilin fevralında Parvan qubernatoru Abdul Basir Salangi tələb etdi ki, tiryəkin becərilməsinə son qoyulsun - bu, heroində əsas komponentdir. Qubernator onu da demişdi ki, təhlükəsizlik qüvvələri Parvana daxil olan və çıxarılan qanunsuz narkotik dövriyyəsinin qarşısını alıb.

Həmid kimi adamları tapmaq çətin deyil. Həmid rahatca əldə etdiyi narkotik vasitələri sadalayır: heroin, həşiş, marixuana...

Çharikarda kiçik dərzi dükanının sahibi Habibullah deyir ki, hakimiyyət narkotikin genişlənməsinin, ticarətinin qarşısını bir az alıb. «Hər gün min narkoman dükanımın qabağından keçir. Burda narkotik vasitə çatışmazlığı yoxdur», - Habibullah deyir:

«Narkotikanı açıq şəkildə hər yerdə əldə etmək mümkündür. Hökumət də bu barədə bilir, amma heç nə eləmirlər».

O, hökuməti bu məsələyə etinasız yanaşmaqda və baş verən ölümlərdə məsuliyyət daşımaqda günahlandırır.

NARKOMANLARIN SAYI ARTIR

Səhiyyə Nazirliyinin məlumatına görə, Parvan vilayətində narkotik vasitə aludəçisinin sayı 2010-cu ildə 7 min idisə, bu ilin əvvəlində uyuşdurucu istifadəçilərinin sayı 15 minə çatıb.

30 milyon əhalisi olan Əfqanıstanda 1 milyon adam narkotik istifadəçisi sayılır. Əfqanıstan narkotik istifadəçilərinin sayına görə, dünyada ən böyük ölkələrdən biridir.

Bu ölkə tiryək istehsalına görə də irəlidədir və dünya narkomanlarının narkotik ehtiyacının təxminən 90 faizi Əfqanıstandan gəlir.

BMT-nin Narkotiklərə Nəzarət Təşkilatının məlumatına görə, yalnız 10 narkomandan biri bundan xilas olmaq üçün müalicə götürür, amma dərman vasitələri çatışmır. Qurumun məlumatına görə, Əfqanıstanda 700 min adam narkotikdən müalicə olunmaq istəyir, amma müalicə əlçatımlığı yoxdur.

Parvanda Müalicə dispanserindən deyirlər ki, hər gün bura 30-dan çox adam gəlir. Amma çarpayı kifayət eləmir. Burda şəraitdən asılı olaraq, xəstəni 15 gündən 30 günə qədər saxlaya bilirlər. Dispanser rəsmiləri deyirlər ki, onlar xəstəyə dərman verirlər, onları qısa müddətə saxlayırlar və sonra da sərbəst buraxırlar.

MƏMURLARIN ƏLİ VAR, AMMA HEÇ KİMİN AD ÇƏKMƏYƏ CƏSARƏTİ YOXDUR

Yerli sakinlər isə yerli məmurları ittiham edirlər ki, Parvanda günbəgün pisləşən narkotik probleminə göz yumurlar. Onu da iddia edirlər ki, narkotik ticarətində bəzi məmurların əli var.

Parvan əyalətinin sözçüsü Rushna Khaled isə bütün ittihamları rədd edir, deyir ki, yerli məmurların narkotik ticarəti ilə bağlılığı yoxdur. Amma yerli sakin Abdul Waseh Saeedkhali deyir ki, narkotik ticarətinə təkcə Parvan deyil, eləcə də ölkənin digər vilayətlərinin bəzi məmurları bulaşıb, amma heç kim ad çəkmir:

«Təhlükəsizlik qüvvələri narkotik vasitələrin qanunsuz dövriyyəsinə az-çox diqqət yetirirlər, amma narkotik ticarəti Əfqanıstanda böyük ticarətdir və bura yüksək ranqlı məmurlar da daxildir. Buna baxmayaraq, kimsə cəsarət göstərib ad çəkə bilmir».


Geri qayıt