Əsas Səhifə > Sosial, Manşet > DEPUTATLAR YENƏ DƏ ÜZ-ÜZƏ GƏLİBLƏR

DEPUTATLAR YENƏ DƏ ÜZ-ÜZƏ GƏLİBLƏR


9-04-2012, 14:49
DEPUTATLAR YENƏ DƏ ÜZ-ÜZƏ GƏLİBLƏR

İKİ YAP-ÇI DEPUTATIN MÜNASİBƏTLƏRİ MÜLK DAVASINA GÖRƏ POZULUB

DİA.AZ: - Redaksiyamıza parlamentdəki qaynaqlardan çox ilginc faktlar daxil olub. Gələn informasiyalara görə, hakim partiyanın üzvü olan iki millət vəkili neçə müddətdir ki, mülk davasına görə, münaqişədədirlər. Bəri başdan bildirək ki, hər iki deputatın kimlikləri və baş verən hadisənin təfərrüatları redaksiyamıza tam olaraq bəlli olsa da, əldə yetərincə sübutun olmaması halı məhkəmə predmeti yaratdığından yalnız məsələ ilə bağlı təfərrüatları çatdırmaq qərarına gəldik.

Milli Məclisdəki etibarlı mənbədən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, YAP-çı deputatlar iki il əvvəl ortaq şəkildə Bakıxanov qəsəbəsi ərazisindəki 3 mərtəbəli binanı özəlləşdiriblər. Uzun müddət həmin obyektin istifadəsiz qaldığını bildirən mənbəmiz qeyd edir ki, bu da nəhayətdə şərik deputatların münasibətlərinin pozulmasına nədən olub:

«Belə ki, həmin deputatlardan biri obyektə tam olaraq sahiblənmək və hətta orada şadlıq evi tikmək fikrinə düşür. Və bu məqsədlə hətta Bakı şəhər icra hakimiyyətinin müvafiq razılığını da əldə edir. Amma şəriki buna imkan vermir və obyektlə bağlı başqa planların icrasını təklif edir».

Mənbəmiz bildirir ki, şəriki həmin ərazidə ticarət mərkəzinin daha çox xeyir gətirəcəyini bildirərək, obyektdən fərqli məqsədlə istifadəni təklif edir: «Təbii ki, əks tərəf razılaşmır və nəhayətdə obyektin satılması ideyası ortaya çıxır. amma bu da tərəflərin dil tapmasına nədən olmur. Çünki hər iki deputat digərinə «obyekti mənə sat» təklifini edir. Yəni qarşı tərəfə pul ödəmə təklifi edir».

Məlumata görə, obyektdə hər iki deputatın gözünün olması nəhayətdə işi məhkəmə müstəvisinə qədər inkişaf etdirir: «Artıq bir neçə məhkəmə instansiyası aşılsa da, razılıq əldə olunmayıb. Hətta vəziyyət o həddə çatıb ki, işə parlament rəhbərliyi də müdaxilə etməli olub».

Hazırda deputatların bir-biriləri ilə kəlmə də kəsmədikləri mənbəmiz bildirir ki, tərəflərə YAP rəhbərliyi də təsir edə bilmir: «Çünki hər iki deputatın hakimiyyət yanında öz sambalı var. Bu səbəbdən işin hətta Avropa İnsan Haqları Məhkəməsinə qədər yolu görünür. Çünki mübahisə heç cürə həll olunmur»


Geri qayıt