Əsas Səhifə > Partiya > YAP DA NARAZILIQ EDİR
YAP DA NARAZILIQ EDİR10-04-2012, 11:56 |
HAKİM PARTİYA MALİYYƏLƏŞMƏ PRİNSİPLƏRİ İLƏ RAZI DEYİL Hakim Yeni Azərbaycan Partiyası (YAP) "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərə əsasən partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz sayır. Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin partiya təmsilçiləri ilə birgə keçirdiyi iclasda qanuna dəyişikliklərin müzakirəsi zamanı YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, qanunda təklif olunan dövlət maliyyələşməsinin mexanizmi YAP-ın maraqlarına uyğun deyil. Nəticə etibarı ilə Milli Məclisdə 11 partiyanın 84 deputatı təmsil olunur. Onların 71-i YAP-ın, 13-ü digər partiyaların üzvüdür. Əhmədovun sözlərinə görə, Milli Məclisdə deputatların 56 faizi YAP üzvləridir. YAP rəsmisi bildirib ki, dünyada tətbiq olunan təcrübəyə əsasən, YAP-a dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin 80-84 faizi verilməli idi. Lakin hazırkı mexanizmlə YAP-a 45,6 faiz çatacaq. "Mən bu bölgünü ədalətli hesab etmirəm", - Əhmədov qeyd edib. Əhmədov bildirib ki, ümumilikdə qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. Bu dəyişikliklər Azərbaycanda siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün etibarlı mexanizm yaradır. Qeyd edək ki, qanuna edilən dəyişikliklərə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünəcək. Geri qayıt |