Əsas Səhifə > Güney Press, Araşdırma > PUL DAVASI DEPUTATLARI PARÇALADI

PUL DAVASI DEPUTATLARI PARÇALADI


10-04-2012, 13:43
PUL DAVASI DEPUTATLARI PARÇALADI

MİLLİ MƏCLİSDƏ HƏRƏNİN AĞZINDAN BİR AVAZ ÇIXIR

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkilləri müxtəlif təkliflərlə çıxış ediblər.

APA-nın xəbərinə görə, komitə sədri Əli Hüseynli, deyib ki, qanuna təklif edilən əlavə və dəyişikliklər çox mütərəqqidir, dövlətin siyasi partiyalara dəstəyidir.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov müzakirəyə çıxarılan layihəni Azərbaycanda aparılan siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirdiyini deyib, qeyd edib ki, bu, partiyaların fəaliyyətinin genişlənməsinə imkanlar yaradacaq.

Ə. Əhmədov onu da deyib ki, siyasi partiyalara maliyyə dəstəyinin göstərilməsi çox mühüm məsələdir və bu proses əksər dövlətlərdə həyata keçirilir.

Maliyyələşmə barədə danışan YAP funksioneri bildirib ki, hesablamalara görə dövlətin siyasi partiyalara ayırdığı vəsaitdən YAP-a 45,6 faiz pay düşür. Ə. Əhmədov maliyyə məsələsinin konsensusla müəyyənləşməsinin tərəfdarı olduğunu vurğulayıb.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qanun layihənin parlamentə müzakirəyə çıxarılmasını mütərəqqi hal adlandırıb. O bildirib ki, layihədə siyasi partiyaların qeydiyyatı prosedurunun sadələşdirilməsinə ehtiyac var. Təklif olunan dəyişikliklərdən biri - şəxsiyyət vəsiqəsində olan məlumatları gizlədən şəxslərin ianə verə bilməyəcəyi barədə danışan İ. Ağazadə bunun vətəndaşın hüququnu məhdudlaşdırdığını deyib.

Ümid sədri onu da deyib ki, əslində Mərkəzi Seçki Komissiyasında siyasi partiya kimi seçkilərdə iştirakı qeydiyyata alınmış partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə ehtiyac var: “Yoxsa bir siyasi partiyadan bir nəfərin namizədliyi fərdi qaydada keçir, sonra o seçilir, parlamentdə oturub maaş alır. Bu hansı məntiqə sığır?”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də qanun layihəsinin müzakirəyə çıxarılmasının mütərəqqi addım olduğunu deyib. O, siyasi partiyalara ianələrin verilməsinin qadağan olunmasını təklif edib. Deputat deyib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyyələşməlidir. O hesab edir ki, hansısa fiziki və yaxud hüquqi şəxsin partiyanın fəaliyyətini maliyyələşdirilməsi zamanı həmin partiyanın o şəxsdən asılılığı yaranır. BAXCP sədri, həmçinin qeyd edib ki, maliyyə vəsaiti yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılmalıdır: “Belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasını kommersiya obyekti kimi baxılacaq”.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, maliyyələşmə ən azı Azərbaycanın rayonlarının yarısında təşkilatlanmış partiyalara şamil olunmalıdır.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışında deyib ki, layihədə qeyd olunduğu kimi, ikitərəfli maliyyələşmə - həm dövlət, həm də ianə vasitəsilə maliyyələşmə ən optimal variantdır. O, şəxsiyyət vəsiqəsində olan məlumatları gizlədən şəxsin ianə vermək hüququnun məhdudlaşdırılmasının tərəfdarı olduğunu bildirib.
YAP-çı deputat layihədə fiziki və hüquqi şəxslərin partiyalara ayıracaqları ianənin həddinin göstərilməsini də təklif edib. S. Novruzov onu da deyib ki, bu günə kimi YAP-dan başqa heç bir partiya maliyyə barədə hesabat verməyib.

Millət vəkilləri - Ədalət Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc da çıxış edərək təkliflərini səsləndiriblər.


Geri qayıt