Əsas Səhifə > Sosial, Manşet > «TEXNİKABANK» MƏSƏLƏSİ BÖYÜYÜR
«TEXNİKABANK» MƏSƏLƏSİ BÖYÜYÜR10-04-2012, 15:32 |
“AMAY” ŞEFİ ABDULLA ABDULLAYEVİN DƏ İŞƏ QATILACAĞI GÖZLƏNİLİR DİA.AZ: - Ötən günlərdə «Texnikabank» ASC və Etibar Əliyevlə bağlı əldə etdiyimiz ilginc məlumatları diqqətinizə çatdırmışdıq. Qeyd etmişdik ki, böyük maliyyə maxinasiyalarında, çirkli pulların yuyulmasına şərait yaratmaqda və müxtəlif yollarla vətəndaşların əmanətlərini mənimsəməkdə ittiham olunan Etibar Əliyev bankda həyata keçirilən bəzi əməliyyat nəticəsində özünə külli miqdarda sərvət toplayıb. İndi isə məsələ ilə bağlı əldə etdiyimiz ən son məlumatlara aydınlıq gətirəcəyik. Adıçəkilən bankla və onun ətrafında cərəyan edən proseslərlə bağlı məlumat verən mənbənin sözlərinə görə, Etibar Əliyev hazırda elə də təsirli qüvvə tərəfindən himayə olunmur: «Düzdür, bir zamanlara kimi onun arxasında daha nüfuzlu və güclü şəxslər dayanır, ona himayədarlıq edirdi. Lakin bu gün Etibar Əliyevi müdafiə edənlər o qədər də təsirli fiqurlar deyillər. Elə məhz bu səbəbdən də həbsindən bir müddət sonra Rövşən İsmayılov onun yerinə - «Texnikabank»ın Müşahidə Şurasının sədri postuna gətirildi. Bu da o deməkdir ki, artıq Etibar Əliyevin əlaqələri və imkanları tükənmək üzrədir. Odur ki, bu gün onun kiminsə köməkliyilə həbsdən azad olunmasını gözləməyə dəyməz. Çünki artıq bu məsələ bir daha açılmamaq üzrə qapanıb». Etibar Əliyevin həbsindən sonra bu və digər formada onunla əlaqədə olmuş bəzi şəxslərin də ifadəsinə baş vurulduğunu deyən mənbənin məlumatında qeyd olunur ki, bir neçə şəxsin ifadəsindən sonra bank rəhbəri barəsində başladılan istintaq hərəkətləri bir qədər də sərtləşdirilib. Bildirilir ki, «Texnikabank» vasitəsilə həyata keçirilən bir sıra maliyyə əməliyyatları ilə bağlı olaraq iş adamları da istintaqa dəvət ediliblər. Belə iş adamlarından biri də «A.M.A.Y» şirkətlər qrupunun prezidenti Abdulla Abdullayevin olduğu qeyd olunur. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, adıçəkilən iş adamının bankın müştəriləri arasında ən böyük problemli kreditlərin sahibi olduğundan istintaqda onun da ifadəsi alınıb. Mənbə iddia edir ki, Abdulla Abdullayev 2008-ci ildə «Texnikabank»dan üst-üstə 2 milyon manata qədər kredit götürüb: «O kreditin bir hissəsini qaytarsa da, bank sonradan iş adamına kredit verməkdən imtina edib və faktiki olaraq «Xətai» metrosu yaxınlığında olan Ticarət Mərkəzinin inşası yarımçıq qalıb. Bundan sonra Abdulla Abdullayevin ortaqları həbs edilib və banka olan borclarını qaytarmadıqlarından hətta əmlaklarına da həbs qoyulub. Məhz bu səbəbdən də ehtimal etmək olar ki, Abdulla Abdullayev Etibar Əliyevin əleyhinə ifadəsi alınmaq üçün istintaqa çağırılıb». Geri qayıt |