Əsas Səhifə > Hadisə > “MUR-AY”IN SƏDRİ GÜNAHKAR OLDUĞUNU ETİRAF ETDİ
“MUR-AY”IN SƏDRİ GÜNAHKAR OLDUĞUNU ETİRAF ETDİ10-04-2012, 16:30 |
AMMA BUNUNLA KİMİN YARASI SAĞALACAQ? Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, sədr müavini Sultanov Bəybala Qabil oğlu, “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və digərlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib. APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər vəkilləri tərəfindən verilən vəsatətlərə münasibət bildiriblər. Onlar həmin vəsatətlərlə razı olduqlarını deyiblər. Şirkətin sədri olan Elxan Hüseynov isə bütün günahların onda olduğunu deyib. O, zərərçəkmiş şəxslərdən üzr istəyib. Qalib Məmmədbəyli isə xəstə olduğu üçün onun barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Daha sonra vəsatətlərə münasibət bildirmək üçün dövlət ittihamçıları Vüqar Quliyev və Fərid Nağıyevə söz verilib. Onlar vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyiblər. Proses aprelin 12-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Mur-Ay” MMC-nin sədri Hüseynov Elxan Balaxan oğlu, “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və qeyrilərinin qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradaraq, cəmiyyət tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək Bakı şəhəri sakini Quliyeva Elmira Tofiq qızı və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, Səbail rayon Məhkəməsinin qərarı ilə cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması Vergilər Nazirliyinə həvalə edilib. 14 fevral 2011-ci il tarixdə mütəşəkkil dəstənin üzvləri “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu, “Mur-Ay” MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhriyar Meyxoş oğlu, Səfərov Seyfəddin Ədalət oğlu və şirkətin sədri Elxan Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Geri qayıt |