Əsas Səhifə > Sosial, Manşet > KÜR SELİNİN MİLYONLARINI KİM YEYİR?
KÜR SELİNİN MİLYONLARINI KİM YEYİR?12-04-2012, 11:18 |
BÜDCƏNİN 350 MİLYONLUQ «KÖLGƏSİ»NİN ARXASINDA GIZLƏNƏNLƏR DİA.AZ: - Azərbaycanın sosial-mənəvi mühiti son onilllərin nəticəsi olaraq elə bir insan toplusu ortaya çıxarıb ki, kimsəyə güvənmək, kimsədən təmənnasız sədaqət ummaq mümkünsüz hala gəlib. O qədər ki, öz adını başqasına qoymaq, özünü başqasında axtarmaq kimi qeyri-formal «dəyərlər» də artıq dəb halına gəlib. Özünü bəyənməyənlər başqasını özündə təcəssüm etdirməklə təsəlli tapır, mahiyyətdə isə mələk donuna girməklə həm ictimaiyyəti, həm də özlərini aldadırlar. Bunun adı imicdir. İmici dəyişmək formaca başqa olmaqdır, eyni zamanda forma ilə mahiyyət arasında uyğunsuzluqdur. Bunun elmi adı sistemdə konfiqurasiyadır (fiqurların dəyişdirilməsi) və bu, əsasən idarəetmədə, xüsusilə də kadr seçimində istifadə olunur. Kadr seçimi subyektiv olduğu üçün burada səhvlər ola bilir və konfiqurasiya ilə bəzən prosesə dinamika gətirmək mümkün hala gəlir. Ancaq insan mükəmməl bir sistem kimi yaradıldığından orada hər hansı dəyişiklik ilahi nizamı pozur. Doğrudur, sistemdə bəzi elementlərin yerini dəyişməklə bütünün oxşarını yaratmaq mümkün olur. Ancaq bu onun özü olmur, başqası olur. Özü olmursa, demək ki, kölgəsi olur. Kölgə isə öz olmadığı üçün kiminsə kölgəsi olur. Onların öz fikri, iradəsi olmur, kiminsə iradəsinin yalnız ifadəçisi olurlar. ruh yox olur, ortada yalnız cəsəd qalır. Beləliklə də yazarlar özlərini deyil, başqalarının sədəqəsi ilə onların qara niyyətlərini yazır, incəsənət adamları bu incəliyi tərsinə anlayıb soyunmaqla öz məhrəmlərini nümayiş etdirir, siyasətçilər siyasəti hər şeyi əldə etmək sənəti olaraq gördüklərindən özlərini qəpik-quruşa satışa çıxarır, məmurlar isə dövləti talan, milləti zəlil etdiklərindən gizlənməyə, bu mümkün olmadıqda müəyyən aksessuarlarla özlərini mahiyyətlərindən fərqli təqdim etməyə çalışırlar. Bunun bariz nümunəsini keçən həftə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Sabirabad rayonuna səfəri zamanı gördük. İllər boyu Kür çayının dəliliyini «effektli» gəlir mənbəyinə çevirməklə minlərlə məzlum insanın qanına girmiş bu zat zülm və şikayət dolu Muğana gəlir və əhalinin alqışı ilə qarşılanır. Təzaddır, deyilmi? Hər halda bu səfər Azərbaycan televiziya məkanlarında belə təqdim olundu. Bu da yuxarıda qeyd etdiyimiz səbəblərdən qaynaqlanır. TV-lərin də imic problemi olduğu üçün hər şey olduğu kimi deyil, kölgəsi olaraq təqdim olunur. Beləliklə, yalanlar institutlaşır və dəyərlər sisteminə yol açır. Ancaq «Yalan ayaq tutar, yeriməz» deyimi də bir gerçək olduğundan özünü çox gözlətmir& Fövqəlgörüşün cazibəsindən riqqətə gələn Sabirabadın Minbaşı kəndinin əhalisi etiraz olaraq icra hakimiyyətinə hücum çəkdi. Bu etiraz bəzəkli-düzəkli fövqəlnazirin xalqla sıcaq təmasını görüntüləyən TV-lərdə təbii ki, göstərilmədi. Çünki bu, gerçəyin özü idi və kölgə ekranlara sığa bilməzdi. Əksinə, yalanı muncuğa düzmək, süni olanı təbii kimi göstərmək üçün «məmə deyəndən pəpə yeyənədək» bütün tv və informasiya agentlikləri bütün əziyyətlərə rəğmən Sabirabada qədər gəlmiş, fövqəlnaziri tez-tez dəyişən xüsusi imicdə təqdim etmək üçün yarışa girmişdilər. Sanki bununla onlar bir gündə üç dəfə müxtəlif rənglərdə eynək dəyişdirən fövqəlnaziri fərqli rakurs və pozalarda təqdim etməklə muğanlıların problemlərini kökündən həll edirdilər. Etiraf edək ki, ən azından Muğan düzündə tarixi bir hadisə baş verirmiş kimi stəkanda fırtına effekti yarada bildilər və ertəsi gün Minbaşı xalqı ayağa qalxdı. Ancaq bu etirazı tam anlamaqda da çətinlik çəkirəm. Çünki fövqəlnazir Muğan torpağına hər gəlişində özü ilə bərəkət gətirib. Xatirinizdədirsə, ötən dəfə Fövqəlnazir Muğana gələndə özü ilə ölkə prezidentinin sərəncamı ilə Kür çayının yaratdığı problemlə bağlı ayrılan 300 milyon manatın özünü də olmasa, sorağını gətirmişdi. DİA.AZ bildirir ki, bu dəfə isə növbəti sərəncamla daha 50 milyonun müşdəsini Muğan əhlinə çatdırdı. Hərə öz “haqqını” aldı. Xalq müjdəni, müjdəni gətirənlər isə onun mahiyyətini. Nəticədə tv-lərdə təqdim olunan kimi fövqəlnazirin gözlərini görməyə müyəssər olmayan xalq xoşbəxtdir, hər şey var və heç nə yoxdur. Çünki hər şey yalnız görüntüyə hesablanıb. İnanmırsınız, siz yoxlayın& Kürdən zərərçəkmişlərin bu boyda vasaitə rəğmən problemləri həll oldumu? Xeyir. Bu, vəsaitin azlığı ilə bağlı deyil. İnanın ki, bu vasaitin on misli olsa belə, problem dəyişməz qalacaq. Çünki hər şeyin özü deyil, kölgəsi qurulur. Eynən fövqəlnazirin imici kimi& Fövqəlnazirin fövqəladə halları tez-tez dəyişsə də, Kür ətrafındakı xalqın vəziyyəti çarəsizlik bataqlığında sabit olaraq qalır. Kölgələr yalnız fövqəl ciblərdə mahiyyətə çevrilir. Geri qayıt |