Əsas Səhifə > Partiya > MÜHACİRLƏR DƏSTƏK VERDİ

MÜHACİRLƏR DƏSTƏK VERDİ


10-10-2011, 12:21
MÜHACİRLƏR DƏSTƏK VERDİ

“2 APREL MƏHBUSLARI DƏRHAL AZADLIĞA BURAXILSIN”

«2013-cü il prezident seçkiləri yaxınlaşdıqca sülalə hakimiyyətinin ömrünü uzatmaq üçün Azərbaycan iqtidarı dinc aksiya keçirmək istəyən sadə vətəndaşların və demokratik müxalifətin - İctimai Palatanın qanuni çağırışlarına qarşı getdikcə daha da aqressivləşir». TİA.AZ xəbər verir ki, bu sözlər Avropada yaşayan soydaşlarımızın 2 aprel məhbusları ilə bağlı verdiyi bəyanatdandır.

Həmin bəyanatda deyilir ki, rəsmi hakimiyyət nəinki bu çağırışlara əhəmiyyət vermir, üstəlik ölkədə demokratik dəyişiklik tələb edən ictimai xadimlərə, gənc fəallara və müxalifət nümayəndələrinə qarşı amansız repressiyalar aparır. «Bu repressiyalar xüsusilə İctimai Palatanın çağırışı ilə bu il aprelin 2-də Bakı şəhərinin mərkəzində baş tutan dinc aksiyadan sonra artan xətlə inkişaf etməkdədir. Bəlli olduğu kimi bu müddət ərzində yüzlərlə gənc fəal güc qurumları tərəfindən saxlanılmış, işgəncə və təhqirlərə məruz qalmış, onların qohumlarına və yaxınlarına təzyiqlər göstərilmişdir. Siyasi hakimiyyətin sifarişlərilə fəaliyyət göstərən Azərbaycan məhkəmələri isə saxta ittihamlarla həbs edilən siyasi məhbuslara ağır hökmlər çıxarmaqda davam edirlər. Halbuki artıq həmin şəxslərin çoxu beynəlxalq qurumlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır».

Soydaşlarımız daha sonra vurğulayırlar ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində xüsusi xidmətləri olmuş Arif Hacılının müstəqilliyimizin 20-ci il dönümü ərəfəsində saxta ittihamlarla həbsdə saxlanılması Azərbaycan dövləti üçün ən böyük utancverici hadisədir. «Xüsusilə qeyd edək ki, 2 aprel məhbuslarının məhkəmə prosesləri 1930-cu il Stalin dövrünün ruhuyla keçirilir. Heç bir günahı olmayan, sadəcə sərbəst toplaşmaq hüququndan istifadə etmək istəyən insanlara qarşı bu cür aqressivlik Azərbaycanda getdikcə amansızlaşan avtoritar bir rejimin qurulduğunu təsdiqləyir».

Avropada yaşayan soydaşlarımız hakimiyyətdən tələb edirlər ki, həbs olunanlar azadlığa buraxılsın. «Biz Avropada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar olaraq Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini, repressiyalara son qoyulmasını tələb edirik. Öz növbəmizdə bildiririk ki, bu repressiya və həbslərlə bağlı həqiqətləri yaşadığımız ölkələrin dövlət qurumlarına, Avropada fəaliyyət göstərən beynəlxalq və yerli qurumlara, Avropa ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edəcəyik».

TİA.AZ bildirir ki, bu bəyanatı Avropada fəaliyyət göstərən Azərbaycanlı Siyasi Mühcirlərin Dünya İttifaqı, Odlar Yurdu Təşkilatı, Yeni Müxalifət Hərəkatı, Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi, Frankfurt Azərbaycan Cəmiyyəti, Maynz Azərbaycan Cəmiyyəti, Hamburq Azərbaycan Cəmiyyəti, "Odlar Yurdu" Təşkilatı, "Prometey" Təşkilatı, Bütöv Azərbaycan Təşkilatı imzalayıb.


Geri qayıt