Əsas Səhifə > Siyasət, Manşet > FƏRHAD ƏLİYEVİN ADAMI ÖNƏ ÇƏKİLDİ
FƏRHAD ƏLİYEVİN ADAMI ÖNƏ ÇƏKİLDİ15-09-2011, 13:27 |
ƏLƏKBƏR MƏMMƏDOVA VERGİLƏR NAZİRLİYİNDƏ VƏZİFƏ VERİLİB Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidenti Ələkbər Məmmədov Vergilər Nazirliyində məsul vəzifəyə təyin olunub. Modern.az saytı Vergilər Nazirliyinə istinadən bildirir ki, Ə.Məmmədov bu il avqustun 16-dan Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışır. Ə.Məmmədov 1960-cı il noyabr ayının 10-da Kürdəmir rayonun Şilyan kəndində doğulub1984-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu ingilis və alman dilləri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən özəl sektorda çalışıb. 1996-cı ildə Beynəlxalq Menecment və Hüquq İnstitutunun Hüquq fakültəsini bitirib. 1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışıb. 1999–2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində işləyib və 2001–2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində Konqresin vitse-prezidenti seçilib. 2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub. Xəzər Universitetinin Sahibkarlıq və Müqavilə hüququ üzrə professorudur. 16 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışır. O, kiçik vergi xidməti müşaviri rütbəsinə malikdir. Qeyd edək ki, Ə.Məmmədov 2009-cu il aprelin 30-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının II qurultayında yenidən bu quruma sədr seçilsə də, postunu cəmi 13 gün qoruya bilmişdi. Məlumatlara görə, o zaman Ə.Məmmədov yuxarıların təzqiyindən sonra istefa verməyə məcbur olmuşdu. Onu vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxın kadr kimi də xarakterizə edirdilər. Ə.Məmmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti postunu tutanda tez-tez gömrük orqanlarındakı rüşvətxorluğun və digər qanunsuzluqların əleyhinə çıxışlar edirdi. İndi vergilər naziri Fazil Məmmədovun müşaviri vəzifəsində çalışan Ələkbər Məmmədovun əsas işi beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələrinə funksional nəzarətin həyata keçirilməsi, xidmət sahələrinin inkişafı istiqamətində zəruri tədbirlərin görülməsi, beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsidir. O. vergi ödəyicilərinə xidmət idarəsinin, habelə idarənin yerlərdəki strukturlarının və Beynəlxalq münasibətlər idarəsinin fəaliyyətinə nəzarət olunması, beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə nazirin xüsusi tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsilə də məşğul olacaq. Geri qayıt |