Əsas Səhifə > Güney Press, Araşdırma > “BANK OF BAKU”NUN DAHA BİR FIRILDAĞI

“BANK OF BAKU”NUN DAHA BİR FIRILDAĞI


13-04-2012, 17:45
“BANK OF BAKU”NUN DAHA BİR FIRILDAĞI

XAÇMAZ SAKİNİNİN XƏBƏRİ OLMADAN ONA KREDİT VERİLİB

Xaçmaz rayon sakini “Bank of Baku”nun həmin rayon üzrə filialında onun adına qanunsuz kredit açıldığını iddia edir. “Qafqazinfo”nun bu barədə məlumat verən rayon sakininin sözlərinə görə, 1961-ci il təvəllüdlü Xaçmaz rayon Ləcət kənd sakini Xanmuradova Mariyat Qayıtmaz qızı onun adına borcun olması ilə bağlı bankdan zəng gəldiyini, əslində isə belə bir kredit götürmədiyini bildirib.

Belə ki, 2011-ci ilin aprel ayında “Bank of Baku”-nın Xaçmaz filialına gələrək, kredit almaq istəyən Xanmuradova Mariyat lazımi sənədləri də düzəldərək banka təqdim edir. Bankın əməkdaşları isə ona aylıq məvacibinin az olduğu üçün kredit verə bilməyəcəklərini söyləyirlər. Məlum olur ki, Xanmuradova Mariyat Ləcət kənd orta məktəbində xadimə işləyir və onun aylıq məvacibi 84 manatdır. O, banka təqdim etmək üçün düzəltdiyi sənədləri geri almadan bankı tərk edir.

İyunda Mariyat xanıma bankdan zəng gəlir. Onun adında kredit borcu olduğu deyilir.

Mariyat xanıma kreditlə mebel aldığı deyilir. O, anlaşılmamazlıq olduğunu bildirərək heç vaxt mebel almadığını bildirir. Daha sonra 2012-ci ilin fevralında ona bankdan yenidən zəng vurularaq borcunu ödəmədiyi təqdirdə polisə verəcəklərini bildirirlər.

“Mənə deyirlər ki, borcun var, axı bu necə ola bilər? Mən sənədlərimi verəndə dedilər ki, sən az maaş alırsan, kredit verə bilmərik. İndi adıma kredit peyda olub? Bunu kim alıb, mənim yerimə kim sənədləri imzalayıb? Axı mənim heç nədən xəbərim yoxdu?”
Bundan başqa Mariyat xanım onun “kredit götürməsi” üçün “zaminlik edən” 2 nəfəri də tanımadığını bildirir. “Mənə deyirlər ki, Kamran adlı bir şəxs və adını belə demədikləri başqa bir şəxs guya mənə “zamin ” durublar. Mən belə adamlar da tanımıram axı. İndi deyirlər ki, 290 manat “borcun” qalıb. Guya bir hissəsini qaytarmışam, bir hissəsi qalıb?! Mənim xəbərim də yoxdur ki, bu borcu kim alıb, kim ödəyib?”.

Onu da qeyd edək ki, Xanmuradova Mariyat xanım yaxın günlərdə baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Geri qayıt