Əsas Səhifə > Sosial, Manşet > HEYDƏR BABAYEVƏ STENLİ ESKUDERO İŞ VERİR

HEYDƏR BABAYEVƏ STENLİ ESKUDERO İŞ VERİR


15-04-2012, 11:55
HEYDƏR BABAYEVƏ STENLİ ESKUDERO İŞ VERİR

ABŞ KEÇMİŞ NAZİRİMİZİ DÜNYA BANKINA APARMAQ NİYYƏTİNDƏDİR

DİA.AZ: - Bir müddət əvvəl mətbuata açıqlama verərək Azərbaycanda olduğunu bildirən və hakimiyyətdən hər hansı vəzifə təklifi gözləmədiyini söyləyən keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin ulduzu parlaya bilər. Bu barədə məlumatlar DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələr tərəfindən ötürülüb.

Məlumatlı mənbə bildirir ki, Rusiyanın maliyyə çevrələrində çox mühüm postlar tutmuş Heydər Babayev heç də Kremlə yaxın fiqur olmayıb və onun görəvdən alınmasında məhz bu səbəblər kifayət qədər mühüm rol oynayıb: «Heydər Babayevin hansısa ailə söhbəti məsələsinə görə və yaxud da bir başqa nədənlə vəzifəsindən alınması ilə bağlı deyilənlərin hamısı nağıldan başqa bir şey deyil. Heydər Babayev Qərbin gizli şəbəkələrinin Azərbaycan iqtidarı daxilindəki əsas dayaqlarından biri idi və məhz bu səbəbdən görəvindən alındı».

Onu da xatırladaq ki, SSRİ vaxtlarında Azərbaycan SSR Ticarət Palatasında inspektor vəzifəsindən karyerasına başlayan Heydər Babayev daha sonra SSRİ miqyasında bir sıra mühüm postlar tutub. Sovetlər Birliyinin çöküşündən sonra isə Heydər Babayev «XariciiqtisadiBank»ın Türkiyə təmsilçisi təyin edilir. Daha sonra isə Rusiyanın bank sektorunda nüfuzlu yer tutan «MostBank»ın vitse-prezidenti postuna təyin edilən Heydər Babayev mərhum prezident Heydər Əliyevin israrı ilə Azərbaycanda bir peşəkar kimi Qymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəhbər gətirilir. Bundan sonra isə qısa müddət ərzində, Fərhad Əliyevin qollarının qandallanmasının ardından Heydər Babayev iqtsadi inkişaf naziri postunu tutur və sonradan həmin postdan da çıxarılır. Hazırda heç bir dövləti vəzifə tutmayan Heydər Babayevin çox ciddi biznes rıçaqlarının olduğu da iddia edilir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, «MostBank»da işləməsi və Sovetlər Birliyi dönəmində mühüm postlarda çalışması Heydər Babayevin rusiyanlı bir fiqur obrazısını yaratsa da, əslində o, Qərbin ən etibarlı adamlarından biri olub. Xatırladaq ki, bu təəssürat 2010-cu ilin oktyabr ayında məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərlə də yaranırdı.

Belə ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersinin 2009-cu il aprelin 15-də “mərkəz”ə göndərdiyi məxfi teleqramında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşünün detalları əks olunmuşdu. Amerikalı diplomat gizli məktubunda yazırdı ki, yeni təyin olunmuş iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü zamanı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi, hökumətin bu istiqamətdə atdığı addımlar, ölkənin iqtisadi-biznes mühiti və s. məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Mustafayev ölkədəki iqtisadi durumun yaxşılaşdırılması və biznes işinin təkmilləşdirilməsi istiqamətində hökumətin gördüyü işlər barədə səfirə məlumat verib. Nazir 907-ci düzəlişin qüvvədə qalmasından ciddi narahatlıq keçirdiyini də amerikalı diplomatın diqqətinə çatdırıb. Səfir öz növbəsində bildirib ki, ABŞ hökuməti Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir və hökumətin bu istiqamətdə atdığı addımların davamlı olmasını istəyir.

Enn Dersinin Vaşinqtona göndərdiyi teleqramın şərh bölməsində yeni nazir Şahin Mustafayev barəsində səfirliyə daxil olan məlumatlar və onun xarakteristikası öz əksini tapmışdı. Amerikalı diplomat qeyd edirdi ki, 2008-ci ilin noyabrından iqtisadi inkişaf naziri postunu tutan Şahin Mustafayev peşəkar bürökrat və texnokrat təəssüratı yaradıb. Mustafayevdən öncə nazir olan Heydər Babayev isə daha hərəkətli və islahatlara meylli idi. Səfirə verilən məlumata görə, Mustafayev rahat nəzarət altında saxlanması mümkün olan məmur olduğu üçün bu posta təyin edilib. Çünki Mustafayev qərar qəbul etmək iqtidarında deyil və onun işi, əsasən, statistik məlumatların hazırlanmasından ibarətdir.

Beləcə bu faktlarda da aydın olur ki, Şahin Mustafayev peşəkar bürökrat və texnokrat kimi səciyyələndirən ABŞ-ın keçmiş xanım səfiri Heydər Babayevin barəsində daha məmnunedici ifadələrlə şərh verir: daha hərəkətli və islahatlara meylli…

Mötəbər mənbəmizin sözlərindən belə aydın olur ki, əslində hakimiyyətdən heç bir vəzifə təklifi gözləmədiyini söyləməklə keçmiş nazir haqlı idi. Çünki ona vəzifə təklifini hakimiyyət yox, ABŞ etməyə hazırlaşır. Mənbəmizə görə, Heydər Babayevin ilkin olaraq Bakıda fəaliyyət göstərən və başında keçmiş ABŞ səfiri Stenli Eskuderonun dayandığı Amerika-Azərbaycan Ticarət Palatasına vitse-prezident gətirilməsi planlaşdırılır. Bunun ardından isə Heydər Babayevin Dünya Bankında mühüm bir görəvə hazırlandığı da qeyd olunur. Yəni rəsmi Bakı Heydər Babayevdən imtina etsə də, ABŞ öz adamına sahib çıxmaq niyyətindədir.


Geri qayıt