Əsas Səhifə > Partiya > HAKİMİYYƏT “AVROVİZİYA”DAN İMTİNA EDƏ BİLƏR

HAKİMİYYƏT “AVROVİZİYA”DAN İMTİNA EDƏ BİLƏR


15-04-2012, 13:46
HAKİMİYYƏT “AVROVİZİYA”DAN İMTİNA EDƏ BİLƏR

“ANTİTERROR ƏMƏLİYYATLARI BUNA XİDMƏT EDİR”

Son bir il ərzində hüquq mühafizə orqanları bir neçə şəxsi və dəstəni dövlətçilyin əleyhinə təhlükədə və terror törətməkdə ittiham edərək, həbsə atıb. Bu proses son günlər Gəncə olayı və cəmiyyət tərəfindən “vəhhabi” kimi qəbul edilən şəxslərin həbsi ilə daha da sürətləndi. Mövzu ilə bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu müsahibə verib.

- Ərəstun bəy, sizcə bu həbslər Azərbaycanın qeyri-sabit və xarici dövlətlərin dediyi kimi, terror təhlükəsi ilə üzbəüz olan ölkələr sırasına daxil edilməsinə əsas vermirmi?
- Ümumiyyətlə, Azərbaycanda hüquq, qanun və hüquq mühafizə sistemi heç bir şəkildə ən aşağı səviyyədə belə işləmir. Xüsusilə də ölkənin təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar haqqında nəinki ictimaiyyətə məlumat verilmir, sanki bu əməliyyatı həyata keçirənlər xüsusi statusda olan bir qurumdur. Eyni halda, bu proseslərdə Qəribə məhkəmə qərarları da verilir. Hacı Məmmədov haqqında artıq bir neçə ildir ki, bütün məhkəmə instansiyaları tərəfində ömürlük həbs cəzası çıxarılıb, lakin o, hələ də MTN-nin istintaq təcridxanasında saxlanılır. Son zamanlar bu əməliyyatların MTN tərəfindən həyata keçirildiyini nəzərə alsaq, burada həm məlumat qıtlığı var və eyni halda, de-fakto olaraq bu quruma ölkədə hər hansı bir nəzarət mövcud deyil. Ona görə də, nəyəsə şərh vermək olduqca çətindir. Digər tərəfdən, bu orqanın həyata keçirdiyi əməliyyatlara edilən şərhlərə qarşı tərəfin verdiyi qıcıqlı reaksiyalar ondan xəbər verir ki, məsələ heç də söylənildiyi kimi deyil. Güman edirəm ki, Azərbaycanda bu cür kütləvi tədbirlərin keçirilməsi haqqında hansısa siyasi qərar var. Bu əməliyyatların nə məqsəd güdməsi ilə bağlı nəsə demək çətindir. Xarici analitik çevrələrdən eşitdiyim məlumata görə, Azərbaycan hakimiyyəti “Eurovison” mahnı müsabiqəsini keçirməyə hazır olmadığına görə, ölkədə terror təhlükəsi görüntüsü yaratmaq istəyir. Bu bir az ağla batan versiya deyil. Lakin bu versiya ciddi analitik mərkəzlər tərəfindən səsləndirilib. Az qala hər gün deyilir ki, ölkədə terror təhlükəsi mövcuddur. Bu cür prosesdən sonra ən azı insanlar müsabiqəyə gəlməkdən imtina edə bilərlər.

- Sizcə davamlı olaraq ölkədəki terror təhlükəsi ilə bağlı səsləndirilən fikirlər ölkənin imicinə nə kimi təsir göstərir?
- Aydın məsələdir ki, bu prosesdən sonra Azərbaycan terror təhlükəsi olan ölkələr sırasına salınacaq. Adamda elə bir təsəvvür yaranır ki, ölkə hakimiyyəti sanki bunu istəyir. Sanki hakimiyyət ölkənin qapanmasını və xarici vətəndaşların ölkəyə gəlməsinin qarşısını almağa çalışır. Eyni halda, hakimiyyət bundan sonra da öz xalqı ilə istədiyi kimi rəftar etmək istəyir. Müəmmalı bir məsələdir. Heç bir dövlət bu qədər özü ətrafında terror təhlükəsi düşüncəsi yaratmayıb. Yəni mən ikinci belə bir dövlət tanımıram. Bir zamanlar ABŞ-da belə bir prosedur mövcud idi. Məlum 11 sentyabr hadisəsindən sonra ABŞ hakimiyyəti terror amilini gündəmdə saxlayaraq, Buş hökuməti həm vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarını məhdudlaşdırmağa, həm də öz hakimiyyətini bu strategiya üzərində qurub davam etdirməyə cəhd göstərirdi. Lakin Buş hakimiyyəti heç birinə nail ola bilmədi. Azərbaycanda isə bu işlərin görülmə səbəbi müəyyən deyil. Qeyd edim ki, Azərbaycandakı proseslərdən siyasət iyi gəlir. / FaktXeber.com /


Geri qayıt