Əsas Səhifə > Sosial, Manşet > «AVROVİZİYA» BİTƏNDƏN SONRA NƏ OLACAQ?
«AVROVİZİYA» BİTƏNDƏN SONRA NƏ OLACAQ?16-04-2012, 12:42 |
HAKİMİYYƏTİN İNDİKİ AB-HAVASI REPRESSİYALARI DİQTƏ ETMƏKDƏDİR DİA.AZ: - Bəli, bu gün az qala bütün Azərbaycan «Avroviziya» mahnı yarışmasının avazları üstündə köklənib. Profilindən asılı olmayaraq bütün dövlət qurumları, bütün büdcə təşkilatı çalışanları sanki bir ordu kimi sözügedən beynəlxalq yarışmanın əsgərinə çevriliblər. Evlər uçurdulur, insanlar incidilir, problemlər başdan aşır, amma ««Avroviziya»yaya hazırlaşırıq» bəhanəsi ilə hər kəs susdurulur. Hətta bütöv dövlət aparatı, nazirlər belə bu gün bütün iş-güclərini buraxıb «Avroviziya»nın peşinə düşüblər. Sanki bir-iki müğənnimizin səhnədə çırtıqi vurub-oynaması milyonlarla insanın həyatından vacib imiş. Hər halda, bütün bu yaşadıqlarımız biabırçı və eybəcər Azərbaycan reallıqlarındandır. Bir ölkədə ki insanların həyatı hansısa şoudan alınan zövqün mahiyyətindən də ucuzdursa, həmin ölkəni hansı aqibətin gözlədiyini təsəvvür etmək dəhşətlidir. Əgər bu gün Ziya Məmmədov bir qarın ac, bir qarın tox şəraitində yaşayan taksi sürücülərinə özünün AVROPA STANDARTLARINI diqtə edirsə və onların son dolanışıq ünvanlarını əllərindən alaraq onlara «SİZİN SÜRDÜYÜNÜZ MAŞINLARI GÖRƏNDƏ UTANIRAM» bəhanəsini gətirirsə, bu ölkədə insanın hansı qiymətdə olduğunu bilmək heç də çətin deyil. Bəli, bu gün Azərbaycan tam olaraq «Avroviziya» havası üstündə köklənib. Hətta deyilir ki, hakimiyyətin adda-budda şəkildə verdiyi azadlığın limiti də həmin yarışmanın bitəcəyi günə qədərdir. Artıq belə bir təlatüm bütün əks xarakterli siyasi düşərgələrə hakim kəsilib. Elə ekspertlərin verdikləri rəylərdən də aydın olur ki, bu yarışma bitər-bitməz dişini dodağına sıxmış YAP iqtidarı repressiya maşınını olmamış kimi işə salacaq. Kim deyir ki, «Avroviziya» ərəfəsini sakit şəraitdə yaşayırıq? Bir yandan jurnalistlər, siyasətçilər həbs olunur, digər yandan insanların evləri başlarına uçurulur. Hələ üzərlərində beynəlxalq diqqətin olduğu şəraitdə bu həngmaələri yaşadırlar. Gör, «Avroviziya» bitdikdən sonra nələr baş verəcək? Bu barədə həmsöhbətimiz olan hakimiyyətə yaxın simalardan birinin DİA.AZ-a söylədikləri də həmin dəhşətlərlə bğlıdır. Mənbəmiz bildirir ki, artıq indidən kimlərlə «haqq-hesabın çəkiləcəyi» bəllidir: «Həm mətbuat işçilərindən və həm də siyasilərdən şərlənərək həbs olunanlar olacaq. İctimai fəallıq edən şəxslərin də hədəfə alınacağı şübhəsizdir». Mənbəmiz bildirir ki, ən dəhşətli mənzərə əyalətdə müşahidə olunacaq: «Bu gün əyalət qan çanağını xatırladır. Və elə buna görə də hakimiyyət əyalət insanlarımıza əməlli-başlı dərs vermək fikrindədir. Kütləvi həbslər, repressiyalar gözlənilir və kimlərin həbs olunacağı da indidən bəllidir». Beləcə, «Avroviziya» təlatümünün ardından Azərbaycanı bir repressiya fırtınasının gözlədiyi proqnozlaşdırılır. Allah köməyimiz olsun… Geri qayıt |