Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “MÜSTƏNTİQDƏN XAHİŞ EDİRƏM MƏNİ DİNDİRSİN”

“MÜSTƏNTİQDƏN XAHİŞ EDİRƏM MƏNİ DİNDİRSİN”


16-04-2012, 13:07
“MÜSTƏNTİQDƏN XAHİŞ EDİRƏM MƏNİ DİNDİRSİN”

JURNALİST BAŞ PROKURORA ŞİKAYƏT ƏRİZƏSİ YAZIB

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova istintaqdan narazıdır. Jurnalist açıqlamasında deyib ki, aprelin 4-də mətbuat konfransı keçirib istintaqın ləng və keyfiyyətsiz aparılmasından gileylənəndən sonra müəyyən hərəkətlənmə olsa da, dəlillər üzrə iş getdiyini demək mümkün deyil.

Xədicə İsmayılova vəsatətlər qaldırdığını vurğulayıb: “Hansı istiqamətdə addımların vacib olduğunu bildirmişəm. Amma o addımların şahidi olmuram. Martın 19-dan bəri müstəntiqdən xahiş edirəm məni dindirsin, ifadə verim. Protokolda ifadə vermək istəyimlə bağlı qeyd yazmışdım. Müstəntiqə dəfələrlə zəng eləmişəm, Bakı Şəhər Prokurorluğuna getmişəm. Amma müstəntiq hələ də məndən ifadə almır. Axırıncı dəfə gedəndə prokurorun müavini məni qəbul edib ürək-dirək verdi. Mən bildirdim ki, prokurorluqdan mənə mənəvi dəstək lazım deyil”.

Xədicə İsmayılova qeyd edib ki, baş prokurora müstəntiqdən və paytaxt prokurorundan şikayət edib: “Baş prokurora rəsmi şikayət ərizəsi yollamışam. Güman edirəm ərizə ünvanına çatıb”.

Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şəxsi həyatına aid məlumatların açıqlanacağı ilə hədələnib. Ona susmaq təklif olunub. Bir neçə gün sonra internetdə jurnalistin şəxsi həyatına aid video yayılıb.

Martın 15-də Baş Prokurorluq cinayət işi qaldırıb. Xədicə İsmayılovanın işi şəxsi həyatın toxunulmazlığını pozma motivi üzrə araşdırılır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb. / “Media forum” /


Geri qayıt