Əsas Səhifə > Sosial, Manşet > SULUTƏPƏ SUÇLUSU ALI QOCAYEVDİR

SULUTƏPƏ SUÇLUSU ALI QOCAYEVDİR


17-04-2012, 12:23
SULUTƏPƏ SUÇLUSU ALI QOCAYEVDİR

OQTAY ƏSƏDOVA GÜVƏNƏN BAŞÇIDAN KİMSƏ HESAB SORMAQ FİKRİNDƏ DEYİL

DİA.AZ: - Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan sakinlərin evlərinin sökülməsi ilə bağlı mətbuatda bir neçə gündür informasiyalar verilir. Bildirək ki, ARDNŞ həmin ərazilərin şirkətə məxsus olduğunu və ərazilərdə neftin olduğunu iddia edərək minlərlə evin plana düşməsinə nail olub və hazırda da məhkəmə instansiyaları daha 10 min evin sökülməsi ilə bağlı ARDNŞ-in iddialarını müzakirə etməkdədirlər.

Bir sözlə, illər ərzində salınan və az qala böyük bir şəhəri xatırladan Sulutəpədəki yaşayış massivi Rövnəq Abdullayevin iddiası ilə yerlə-yeksan olunur. Əslində burada sakinlərin haqsız olduğunu söyləmək qeyri-mümkündür. Ən azından ona görə ki, hər bir sakinin əlində inşaat üçün həm bələdiyyədən və həm də Binəqədi rayon icra hakimiyyətindən müvafiq icazə kağızları var.

Lap tutalım, kiminsə belə bir sənədi mövcud deyil. Bu halda belə, sakinlər haqsız hesab oluna bilməz və onların qəpik-qpəik yığıb inşa etdirdiyi evlər heç bir təzminat ödənilmədən ekskavatorların aczına verilə bilməz. Çünki Sulutəpədə hazırdan minlərlə ev var və bu evlər inşa edilərkən onların hansısa dövlət qurumu tərəfindən görülməməsi qeyri-mümkündür. Yəni ola bilməz ki, elə Rövnəq Abdullayev cənabları şəxsən bu yaşayış massivindən xəbərsiz olsun. Və bu halda, əgər həmin ərazilər vacib dövləti əhəmiyyət daşıyırdısa, evlər inşa olunmazdan qadağalar qoyulmalı idi.

Digər yandan bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır. Apardığımız araşdırmalar nəticəsində də öyrənə bildik ki, Sulutəpə qəsəbəsi salınarkən bu ərazidəki inşaatdan Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev külli miqdarda vəsait əldə edib. Yəni kifayət qədər nüfuzlu başçılardan hesab olunan və Milli Məclisin sədri Oqtay Əsədovla qohumluq əlaqələrinə malik olan Alı Qocayev imkan verə bilməzdi ki, kimsə onun icazəsi olmadan Sulutəpədə daşın üstünə daş qoysun. Deməli, buradan qazanclı çıxanlar var və bədəlini də onlar ödəməlidir.

Bu barədə redaksiyamıza şikayət edən Sulutəpə sakinləri bildirirlər ki, onlar icra hakimiyyətinin rüşvətini veriblər. Onların DİA.AZ bildirdikləri: «İndi Alı Qocyaev yaxasını kənara çəkib. Biz də Rövnəq Abdullayevin ekskavatorlarının ağzında qalmışıq. Bəs əziyyətlə tikdiyimiz evlərin pulunu kim ödəyəcək?»

Onu da bildirək ki, ərazi ilə bağlı müəyyən araşdırmalar da apardıq və araşdırmalarımız nəticəsində məlum olub ki, sakinlərdən əksəriyyətinin bələdiyyədən sənədi olsa da, bir qisminin ümumiyyətlə heç bir sənədi yoxdur. Amma sənədləri olan da, olmayan da ev yeri üçün torpağı pulla aldığını bildirir. Torpağı sənədsiz alanlar ev tikməyə “icazə” üçün bir otaqdan ötrü 2 min manat, daha geniş mənzil üçün 6 min manat tələb olunduğunu deyiblər. Bu pulu ödəyib torpağı sənədsiz alan şəxs evi 10 gün müddətində tikərək yaşamağa başlamalıdır. Əks halda, qiymət bahalaşır. “Amma pulu alan adamlar işini dəyişəndən sonra bizim qara günlərimiz başlayır. Təzə mühafizəçi gəlib deyir ki, bizim də haqqımızı ver. Pul verməyəndə “mədən ərazisidir” deyib evi sökürlər”, - deyə sakinlər bildirirlər.

Ərazidə evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”.

J. Mirzəyevanın atası, Qarabağ müharibəsi əlili Sədaqət Şirinov da eyni iddiaları söyləyir: “Gəlib evi sökdülər. Əgər bu ərazidə ev tikmək qanunsuzdursa, niyə bu qədər insan ev tikib? Axı burada dövlətin özü tərəfindən məktəb, bağça, digər rəsmi qurumlar üçün bina tikib. Deməli, burada qanuni yaşayış var ki, məktəb də tikilib”.

Evi sökülmüş sakinlərdən biri də Amil Ayibovdur. “İki ay əvvəl tikdiyim evi gəlib sökdülər. Torpağı qayınatam vermişdi mənə. Onun kimdən aldığını bilmirəm. Amma dəqiq bildiyim odur ki, evi heç bir məhkəmə qərarı olmadan sökdülər”, - deyə, A. Ayibov bildirib.

Ərazidə yaşayan, bir neçə gün əvvəl evinin bir hissəsi sökülmüş Nəsibə Səfiyeva ev tikdikləri torpağı bələdiyyələrdən aldıqlarını deyib: “Ev həyat yoldaşım Firdovsi Səfiyevin adınadır. Torpağı 2001-ci ildə Xocasən bələdiyyəsindən almışıq, sənədləri də var. Evi isə 2003-cü ildə tikmişik”.

N. Səfiyeva “Mülkiyyətçi MMC” tərəfindən onlara məxsus evin qiymətləndirmə sənədlərini də göstərib. Sənədlərlə evin qiymətinin 30 400 manat olduğu qeyd olunub. Bundan başqa, N. Səfiyeva əmlakın sığorta sənədini də təqdim edib.

Sökülmüş evlərdən bəzilərinin yaxınlığında buruq var. Sakinlərin iddialarına görə, həmin buruqlar evlər tikildikdən sonra qurulub. Buruqların ətrafındakı evlərdən bir qismi sökülüb, bir qismində isə yaşayış var. Evləri sökülən şəxslərdən bir qismi dərhal həmin yerdə yeni ev tikir, yaxud sökülmüş tikilini bərpa edir.

Onu da bildirək ki, sökülən evlərlə bağlı ARDNŞ da izahatını açıqlayıb və rəsmən bu qurumdan verilən açıqlamada bildirilir ki, Sulutəpədə evlər tikilmiş ərazilərin Azərbaycan hökuməti tərəfindən neft-qaz əməliyyatı aparmaqdan ötrü ARDNŞ-in sərəncamına verilib: “Eyni zamanda, Azərbaycan hökuməti “Binəqədi-Oil” Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb, həmin ərazini müəyyən müddətə icarəyə verib. Bu, o demək deyil ki, əgər “Binəqədi-Oil”ə icarəyə verilibsə, məsələnin Azərbaycan hökumətinə, yaxud ARDNŞ-ə aidiyyəti yoxdur”.

Hər halda, bu gün ah-nalələri ərşə dirənən Sulutəpə sakinlərinin dövlətin sahib çıxmasına çox ehtiyacları var. Əks halda, Sulutəpə camaatında belə bir təəssürat var ki, onlar cəngəllikdə yaşayırlar və burada meşə qanunları hökm sürür.

Araşdırmalarımız davam edir…


Geri qayıt