Əsas Səhifə > Güney Press, Araşdırma > “DÜNYANIN GÜC MƏRKƏZİ NATO-NUN ƏLİNDƏ CƏMLƏŞƏCƏK”
“DÜNYANIN GÜC MƏRKƏZİ NATO-NUN ƏLİNDƏ CƏMLƏŞƏCƏK”17-04-2012, 13:12 |
“ƏSƏD REJİMİ ÇÖKMƏSƏ, İRAN YAŞAYACAQ” “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi və www.milaz.info portalı NATO-nun bu ilin may ayında Çikaqoda keçiriləcək sammiti ilə bağlı müsahibələr keçirir. Əldə edilən cavablar milaz.info portalında dərc olunmaqla yanaşı “Doktrina” JHAM tərəfindən hazırlanacaq “NATO Çikaqo Sammiti: Vətəndaş cəmiyyətinin gözləntiləri” adlı mövqe sənədinə daxil ediləcək. Müsahibimiz “Poliqon” İnformasiya Agentliyinin baş direktoru, siyasi təhlilçi Azər Qaramanlıdır. - NATO-nun Çikaqo sammitindən gözləntiləriniz necədir? - NATO-nun Çikaqo sammitindən Əfqanıstanla və Suriya ilə bağlı ciddi sayıla biləcək qərarların alınacağını gözləyirəm. NATO Mərkəzi Asiyada və Orta və Yaxın Şərqdə geosiyasi savaş aparır. 1996-cı ildə Türkiyənin o zamankı Baş naziri Tansu Çillər soyuq savaşdan sonra başlayan dönəmi "isti atəşkəs" dönəmi adlandırmışdı. Məncə bu dönəm davam edir. NATO tam olaraq Hindistan, Pakistan və İranı tam olaraq öz təsiri altına almadan Mərkəzi Asiyada Rusiyanı üstələyə bilməyəcək. Ona görə də Əfqanıstanda NATO-nun tam qalib gəlməsi həyati məsələdir. Orta və Yaxın Şərqə gəlincə isə, Suriyada Əsəd rejimi çökmədən Qərbin İrana qarşı aktiv hərəkətə keçməsi mümkün deyil. Suriyadakı rejimin çökməsi İranın mühasirəsinin bitməsi deməkdir. Məncə NATO strateji hədəfini bu bölgələrə yönəldəcək. - Bu sammit Azərbaycan və ümumilikdə Cənubi Qafqaz regionu üçün hansı perspektivləri vəd edir? - Mən hesab etmirəm ki, bu sammitdə Azərbaycan və ümumilikdə Cənubi Qafqaz müzakirə mövzusu olacaq. Bizim regionumuz böyük siyasətin müzakirə mövzusu o zaman olacaq ki, Suriya problemi öz həllini tapacaq və İrana müdaxilə məsələsi açıq şəkildə dünya gündəminin bir nömrəli məsələsi olacaq. Amma bu məsələdə də bizim açıq tərəfimiz var. Suriyadan sonra İranın Rusiyaya açılacaq tək qapısı Ermənistandır. Ermənistan isə bu qapının bağlanmasında özünün geosiyasi maraqlarının təminatı üçün yararlanacaq. Biz isə əsas kozırlarımızı heç bir təminat almadan demək olar ki, artıq vermişik. Yəni ortada yenə də bizim əli boş qalmamız kimi bir problemimiz var. - 2020-ci ilədək NATO güclənəcək, yoxsa.... - NATO 2020-ci lə təbii ki güclənəcək. Rusiya özünün təbii problemini hələ də həll edə bilməyib. Rusiyanın problemi imperialist istəklərini modernləşdirə bilməməsidir. Yəni Rusiya avroitirizmdən qurtula bilmədi və ətrafındakı hər bir ölkəni məcburən avtoritarizmə sürükləyir. Demək ki, Rusiya bir daha uduzmağa məhkumdur. Hardasa 2040-cı ildə dünya yeni geosiyasi balansını yaradacaq. Bu balansı yaradacaq tək güc yenə də NATO olacaq. Bu balansın kiçik tərəfləri isə çox olacaq. Onların içində bu gün inkişaf edən onlarla ölkə olacaq. Amma dünyanın güc mərkəzi NATO-nun əlində cəmləşəcək. / Milaz.info / Geri qayıt |