Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIR
İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIR18-04-2012, 12:22 |
SÜLEYMAN MİKAYILOV JURNALİSTLƏRİ SATIN ALSA DA, XEYRİ OLMAYACAQ DİA.AZ: - Hakimiyyətin son günlər cərəyan edən icra başçıları ilə bağlı iki ələməsindən canını salamat qurtarmağa müvəffəq olan Qaradağın icra hakimiyyətinin başçısı Süleyman Mikayılov öz aləmində problemlərdən qurtuluş yolu tapıb. O, hələ də görəv başında qala bilməsi üçün həm Qubanın devrilmiş rəhbəri Rauf Həbibovun təcrübəsindən dərs çıxarır, həm də hakimiyyətin yuxarı dairələrində özünə himayədar axtarır. Bu yöndə başçının əsas fəaliyyəti isə guya ki, mətbuatla dostluq münasibətlərinin qurulmasından ibarətdir. Halbuki Süleyman Mikayılovun mətbuatla necə işlədiyini, hansı jurnalist çevrələrinə nə qədər pul ötürdüyünü az qala bütün ölkə bilir. Bu günlərdə isə Süleyman Mikayılov dost bildiyi mətbuata müsahibələr verərək, Qaradağda vəziyyətin gözəl olması barədə uydurma «faktlarını» açıqlayıb. Onun sözlərindən belə bir mənzərə yaranır ki, sanki bu rayonda qurdla quzu bir yerdə güzəran keçirir və kimsə incidilmir. Halbuki icra başçısının həm yerli əhaliyə və həm də rayonun sahibkarlarına hansı məşəqqəti yaşatması barədə dəfələrlə mətbuatda silsilə faktlar səsləndirilib. Elə onlardan birini bu günlərdə diqqətinizə çatdırmışdıq. Həmin faktlardan da aydın olurdu ki, Qaradağın icra başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsi 20 Yanvar küçəsi 8/18A-da yaşayan Hüseynov Mirzəkərim Ağa oğlunun obyektini min bir fırıldaq yolu ilə ələ keçirib. Bildirək ki, şikayətçi sahibkarın adından DİA.AZ redaksiyasına daxil olan həmin məktubun əsası da prezident İlham Əliyevə ünvanlanıb. Məktubda deyilir: «Lökbatan qəsəbəsi 28 May küəçsində yerləşən 15 saylı bazara bitişik ərazidə «Azərittifaq»a məxsus mağaza yerləşir. Mən uzun müddət bu mağazada işləmişəm. Bildirim ki, həmin ticarət obyekti 1982-ci ildən fəaliyyət göstərirdi. Nə mənim, nə də mağazada işləyənlərin xəbəri olmadan Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov həmin mağazanı özünə yaxın olan şəxsin adına özəlləşdirərək mənimlə bərabər həmin ticarət obyektində haqqı olan daha 11 nəfərin də qanuni əmlakına qanunsuz olaraq sahib çıxıb». Şikayətçi bildirir ki, bu iş artıq məhkəmə instansiyalarında da predmetə çevrilib: «Təbii ki, Süleyman Mikayılovun sifarişi ilə işləyən Qaradağ rayon məhkəməsi bu işə baxaraq ədalətsiz qərar çıxardı. Amma bu qərarın Ali Məhkəmə tərəfindən ləğv edilməsinə baxmayaraq, Süleyman Mikayılov qanunsuz olaraq Qaradağ rayon məhkəməsi tərəfindən çıxarılan qərarı icra etdirib. Halbuki bu məsələyə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılmalı idi». Daha sonra şikayət məktubunda yazılır ki, Süleyman Mikayılov Qaradağ rayon məhkəməsinin hakimləri Rəşad Mustafayevi və İsmayıl Xəlilovu öz xeyrinə, qanunsuz olaraq qərar çıxarmağa məcbur edir: «Şikayətçilər nəhayətdə 1 saylı İnzibati İqtisad Məhkəməsində işə baxılmasına nail olur. İşə ədalətli baxan sözügedən məhkəmə instansiyası icra hakimiyyətindən zərərçəkmişin hesabına 400 min manat maddi təzminatın ödənilməsi barədə qərar çıxarsa da, bu vəsait ödənilməyib». Məktubdan bəlli olur ki, Süleyman Mikayılov əslində bazarı özü işlətmək fikrinə düşüb və hətta öz hesabına bazarı təmir də etdirib: «Bazarda ayrı-ayrı sahibkarlara məxsus olan obyektlər də Süleyman Mikayılovun göstərişi ilə dağıdılıb». Şikayətçi bildirir ki, 15 il fəaliyyət göstərmiş və bazara heç bir aidiyyatı olmayan həmin macaza qanunsuz olaraq 2 ay 15 saylı bazara rəhbərlik etmiş şəxsin adına özəlləşdirilib: «Bu zaman Azərbaycan Respublikasının qanunları da ayaq altına alınıb ki, biz də dövlət rəhbərliyindən qanunların bərpasını xahiş edirik. Süleyman Mikayılov elə hesab edir ki, Qaradağ rayonu onun əmlakıdır və biz sakinlər dəməhkum olunmuş məhbuslarıq. Xahiş edirik, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu özəlləşdirmə işi yenidən araşdırılsın və günahkarlar müvafiq qaydada cəzalandırılsın». Redaksiyamızın əldə etdiyi son bilgilərə görə isə haqqı yeyilmiş sahibkar Süleyman Mikayılovu vəsf edən redaksiyalardan birinə də hücum çəkərək, yalan yazılmamasını, onun da mövqeyinin dinlənilməsini tələb etsə də, buna nail ola bilməyib. Əslində bu gözlənilən idi də. Hər halda, Süleyman Mikayılovun vəzifə başında qala bilməsi üçün jurnalistlərə «səxavət kisəsinin ağzını açması» artıq kifayət qədər ictimailəşən bir xəbərdir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, amma bu da «Çakır» ləqəbli Süleyman Mikayılovun qurtuluşu anlamına gəlmir. Bu barədə redaksiyamızı məlumatlandıran Prezident Administrasiyasındakı mötəbər mənbə iddia edir ki, icra başçıları ilə bağlı növbəti ələmə prosesində Süleyman Mikayılovun da «vurulması» nəzərdə tutulub: «Həmin proses «Avroviziya» yarışmasından dərhal sonra start götürəcək və bu dəfə birdəfəlik olaraq arxivə yollanan başçılar diqqətlərə gələcək. Yəni Süleyman Mikayılovun Qaradağdan hansısa rayona transferi mümkün deyil». Mənbəmiz haqqı yeyilən sahibkarla bağlı məsələnin də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaya götürüldüyünü də söylədi: «Ola bilsin ki, Süleyman Mikayılova qarşı məhz bu fakta görə cinayət işi də açılsın. Bu baş verə bilər. Hər şey proseslərin gedişatından asılıdır». Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |