Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏ YENİ QANUNDAN NARAZIDIR
İQBAL AĞAZADƏ YENİ QANUNDAN NARAZIDIR18-04-2012, 13:40 |
“PARTİYALARIN MALIYYƏLƏŞDİRİLMƏSİ YOLU ƏDALƏTLİ DEYİL” Parlamentin müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında qanuna dəyişikliklər və əlavələr haqqında” qanun layihəsi ədalətli deyil. Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə Obyektiv TV-yə (obyektiv.tv) müsahibəsində deyib. Onun sözlərinə görə, müzakirələrin əsasını təşkil edən siyasi təşkilatların maliyyə təminatı məsələsi hakimiyyət tərəfindən imtiyazdan məhrum edilmiş müxalifət partiyalarının sıralarında parçalanma salır. Qanun layihəsinə görə, parlament seçkilərində üçfaizli baryeri keçən, lakin mandat almayanlar ümumi maliyyə vəsaitinin 10%-ni alacaqlar. Vəsaitin 40%-ni Milli Məclisdə təmsil olunanlar alacaq. Qalan 50% deputatların sayından asılı olaraq proporsional qaydada siyasi partiyalar arasında bölünəcək. Deputatın fikrincə, bu cür bölüşdürmə real deyil. Son seçkilərdə 17 siyasi partiya iştirak edib. Onlardan 8-i parlamentə keçib. MSK-nın məlumatına görə, kənarda qalan 9 partiyadan heç biri üçfaizli limiti toplamayıb. Onların arasında “Qarabağ”, “Müsavat-AXCP” kimi siyasi bloklar olub. Onlar seçkilərə 30 və daha çox namizəd çıxarıb. Bunun əksinə, bir namizədlə təmsil olunan partiyalar MM-ə düşüblər. Bu cür bölgüyə əsasən “cırtdan” partiyalar maliyyə dəstəyi alacaq, arxasında real siyasi qüvvənin dayandığı partiyalar isə almayacaq. Hazırki siyasi reallıq belədir ki, dövlət dəstəyinin əsas hissəsini hakim Yeni Azərbaycan Partiyası alacaq. Hakimiyyətin bütün vasitələri onsuz da bu partiyanın əlindədir, bundan sonra əlavə vəsait də əldə edəcək ki, bu da partiyalar arasında daha çox bərabərsizlik yaradacaq. “Rəsmi Bakının azad, şəffaf və ədalətli seçkilər barədə bəyanatlarına baxmayaraq, beynəlxalq təşkilatlar onların keçirilməsini tənqid edib, müxalifət partiyaları isə seçkilərin nəticələrini tanımayıb”, - İ.Ağazadə vurğulayıb. Geri qayıt |