Əsas Səhifə > Güney Press, Araşdırma > TELEKANALLARIMIZ NƏZARƏTƏ GÖTÜRÜLÜR

TELEKANALLARIMIZ NƏZARƏTƏ GÖTÜRÜLÜR


18-04-2012, 15:39
TELEKANALLARIMIZ NƏZARƏTƏ GÖTÜRÜLÜR

NUŞİRƏVAN MƏHƏRRƏMLİDƏN XƏBƏRDARLIQ GƏLDİ

Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda Azərbaycan ədəbi dilinin qaydalarının qorunması ilə bağlı monitorinqlər aparacaq.

Bu barədə APA-ya Şura sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, dövlət dilinin qoruması məsələsinə yenidən qayıtmaq lazımdır: “Çünki Azərbaycan ədəbi dilinin qorunması ən ciddi məsələlərdən biridir. Xəbər aparıcıları bu qaydaları müəyyən qədər qoruyurlar. Bizim ən çox narahatlığımız şou xarakterli verilişlərin aparıcıları ilə bağlıdır. Təəssüf ki, onların səviyyələri çox aşağıdır, ədəbi dil qaydalarını demək olar ki, gözləmirlər. Telekanal rəhbərləri də şou aparıcılarının diksiyasına və ədəbi dil normalarını bilmələrinə fikir vermirlər. Bu məsələ daim ciddi nəzarət altında olmalıdır. Fikirləşirik ki, yaxın vaxtlarda müvafiq qurumlarla bir yerdə monitorinqlər aparaq, bu sahədə vəziyyəti ictimaiyyətə çatdıraq”.

Ölkə prezidentinin Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında telekanalların ünvanına səsləndirdiyi iradlara münasibət bildirən Şura sədri deyib ki, Azərbaycanın efir məkanındakı vəziyyət artıq uzun müddətdir, müzakirə mövzusudur: “Telekanal rəhbərləri başa düşməlidirlər ki, onlar cəmiyyət qarşısında mühüm məsuliyyət daşıyırlar. Bu məsuliyyət hissi insanların sağlamlığı, mənəviyyatı, tərbiyələnməsi ilə bağlıdır. Telekanallar yalnız reytinq əldə etmək uğrunda çalışmamalıdır. Elə məsələlər var ki, maliyyə məsələləri əsas deyil. Telekanallar maliyyə dalınca rəqabətə girib bütün verilişlərini şou-biznes, bayağı, şit proqramlar üzərində qurmamalıdır. Əvvəlki illərlə müqayisədə bu verilişlərin sayı artmayıb, amma bu verilişlər yenə də davam edir. Telekanalların özlərinin bu məsələyə məsuliyyətlə yanaşması əsasdır. Telekanallardakı mətbəx verilişləri ilə bağlı Azərbaycan Kulinariya Mərkəzi də dəfələrlə məsələ qaldırıb. Hətta bununla bağlı telekanallara məktub da yazılıb. Mətbəx verilişlərinə hansısa restoranın aşpazını çıxarmaq doğru deyil. Təəssüf ki, telekanallar bu məktublardan nəticə çıxarmadılar, onun ciddiliyini nəzərə almadılar”.

N. Məhərrəmli bildirib ki, Şuraya əlavə səlahiyyətin verilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə hələ cavab verilməyib: “Elə məsələlər var ki, onlar mütləq tənzimlənməlidir. Artıq cəmiyyətdə müxtəlif təbəqələr, o cümlədən Milli Məclisin deputatları arasında da bu fikir tez-tez səslənir ki, tənzimləyici orqana müəyyən səlahiyyətlər verilməlidir”.


Geri qayıt