Əsas Səhifə > Partiya > SEÇKİ MƏCƏLLƏSİ DƏYİŞDİRİLDİ

SEÇKİ MƏCƏLLƏSİ DƏYİŞDİRİLDİ


20-04-2012, 13:18
SEÇKİ MƏCƏLLƏSİ DƏYİŞDİRİLDİ

AMMA PROPORSİONAL SİSTEM BƏRPA OLUNMADI

Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər edlib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qeydə alınmış namizədlərin adlarının, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatların açıqlanması üçün nəzərdə tutulan müddət 48 saatdan 24 saata endirilib.

Digər dəyişikliklə seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Məcəllənin 112.11-ci maddəsinə edilmiş dəyişikliyə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) baxmalıdır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

112-1.10-cu maddəyə edilmiş dəyişikliklə şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalarsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. 112-1.13-cü maddəyə təklif olunan dəyişikliklə ekspert rəyinin açıqlanma müddəti 6 saat azaldılıb. Belə ki, dəyişikliyə əsasən ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq dərc edilir (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır, yaxud göndərilir.

Seçki Məcəlləsinin 140-cı maddəsinə edilmiş dəyişikliyə görə, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Bundan əvvəl isə bu prosedur üçün 20 gün nəzərdə tutlmuşdu.

Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsini nəzərdə tutan 241-ci maddəyə edilmiş dəyişikliklə bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi üçün nəzərdə tutulan maksimum müddət 30 gündən 25 günə endirilib.

Həmçinin, parlament İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə əlavə və dəyişikliklər edib. Dəyişikliyə əsasən, seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilib.

Əlavələrə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada veriləcək.

Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətinə, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.

İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.


Geri qayıt