Əsas Səhifə > Güney Press, Araşdırma > FÜZULİ ƏLƏKBƏROV QILINCINI SIYIRDI

FÜZULİ ƏLƏKBƏROV QILINCINI SIYIRDI


20-04-2012, 14:48
FÜZULİ ƏLƏKBƏROV QILINCINI SIYIRDI

5 NƏFƏR İŞDƏN ÇIXARILDI, 13 NƏFƏRƏ TÖHMƏT VERİLDİ

Aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında ilk növbədə insan amili dayanır.

Nazirliyik Aparatının rəhbəri Elnur Kələntərov Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı olaraq, nazirlik tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik 5 mərtəbəli korpusun inşasına başlanılıb.

Saray və Şağandakı internat evlərində nümunəvi şərait yaradılıb. Hazırda Buzovnadakı 9 saylı İnternat Evində əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir. Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində təmir və yenidənqurma işləri davam edir. Yaxın günlərdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinə başlanılacaq. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmişlər üçün Sosial Adaptasiya Mərkəzinin, Çernobıl Əlilləri üçün İxtisaslaşmış Rebilitasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşası, nazirliyin tabeliyindəki bərpa-müalicə və sosial xidmət müəssisələrinin əsaslı təmiri üçün texniki sənədlər hazırlanır.

Əlil və şəhid ailələrinin mənzillə təminatı işlər davam etdirilir. 1997-ci ildən indiyə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Hazırda həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə Gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış evinin tikintisinə başlanılacaq.


Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələr barədə məlumat verib.

Bildirilib ki, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191№-li qərarı ilə «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı» təsdiq edilib. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunub. Nazirliyin rəsmi internet informasiya resursu üzərindən 11 növ üzrə elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatmaq üzrədir.

“Ünvanlı Sosial Yardımın alınması üçün e-müraciət”, “Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” xidmət bölmələri artıq fəaliyyət göstərir. Bununla yanaşı, 2011-ci ilin avqustundan 1 aprel 2012-ci il tarixədək «e-müraciət» xidməti vasitəsilə vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə əlaqədar ümumilikdə 1003 müraciəti qəbul edilərək aidiyyatı şöbələr tərəfindən baxılıb və cavablandırılıb.

Nazirlikdə yaradılan VS (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu təşkil olunur. Hazırda Gəncə, Göyçay və Qusarda mövcud olan bu sistemin gələcəkdə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur. Müşavirə zamanı nazirlik tərəfindən əhaliyə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin tətbiqi ilə bağlı texniki məsələlər müzakirə olunub.
Nazir Fizuli Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa bir müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik və opertaiv qurulmasına öz müsbət təsirini göstərəcək.

Tədbirdə bildirilib ki, 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.

Qeyd edilib ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə ümumilikdə 800-ə nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Bu müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub.

Müşavirədə nazir Fizuli Ələkbərov görülən işlərdə səmərəli və effektli, müasir yanaşmaya əsaslanan iş üsullarından istifadəyə daha geniş yer verilməsi, yeni inşa olunan sosial müəssisələrdə kadr potensialının formalaşdırılması üçün müvafiq işlərin yerinə yetirilməsi, fəaliyyətini dövlətin sosial siyasətinə uyğun qurmayan əməkdaşlar barədə ciddi tədbirlərin görülməsi və s. ilə bağlı tapşırıqlar verib.

Müşavirədə Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə töhmət verilməsi barədə əmr verilib.


Geri qayıt