Əsas Səhifə > Dünya > ERMƏNİPƏRƏST PREZİDENT GEDƏCƏKMİ?
ERMƏNİPƏRƏST PREZİDENT GEDƏCƏKMİ?23-04-2012, 10:18 |
SARKOZİ 2-Cİ TURA GEDİR Fransada keçirilmiş prezident seçkilərinin ilk turunda Fransa Sosialist Partiyasının namizədi Fransua Holland 28% səslə qalib gəlib. APA-nın Avropa bürosunun məlumatına görə, seçkilərdə ikinci yeri 26,10% səs hakim Xalq Hərəkatı uğrunda Birlik (UMP) partiyasının namizədi, hazırkı prezidenti Nikola Sarkozi tutub. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 80 faizdən çoxunun iştirak etdiyi bildirilir. Qeyd edək ki, Fransada keçirilmiş prezident seçkiləri tarixində hazırkı prezidentin ilk turda məğlub olması halına ilk dəfə rast gəlinir. Mayın 6-da keçiriləcək seçkilərin ikinci turunda Fransa prezidentliyi uğrunda Fransua Hollandla Nikola Sarkozi mübarizə aparacaq. İkinci turun nəticələrini ilk turda digər namizədlərin topladığı səslərin necə bölüşəcəyi əsasında müəyyənləşəcək. İfrat sağ seçiciləri təmsil edən Milli Cəbhə Partiyasının təmsilçisi xanım Marin Le Pen ilk turda 18,50% səs toplayıb. Onun atası Jan-Mari Le Pen 2002-ci ildə keçirilən seçkilərin ilk turunda o vaxtkı prezidenti Jak Şirakdan sonra ikinci yeri tutub, Marin Le Pen isə Milli Cəbhənin göstərdiyi bugünkü nəticələr ilə Fransada prezident seçkilərində təmsil etdiyi partiya üçün rekord müəyyənləşdirib. Fransada ifrat solçuları birləşdirən Sol Cəbhənin namizədi Jan-Lük Melanşon 11,70% səs qazanaraq, 4-cü yerdə qərarlaşıb. 2007-ci ildə seçkilərin ilk turunda 3-cü yeri tutmuş mərkəzçi Fransua Bayru 8,80% səs yığıb. Digər 5 namizəd 3 faizdən artıq səs toplaya bilməyiblər. Seçkilərin ilkin nəticələri məlum olduqdan sonra Sol Cəbhənin namizədləri Jan-Lük Melanşon və 2,3% səs toplamış ekoloq namizəd xanım Eva Joli ikinci turda öz seçicilərini Fransua Hollanda səs verməyə çağırıblar. Milli Cəbhə Partiyasının sədri, ifrat sağçı Marin Le Pen seçicilərini Nikola Sarkoziyə səs verməyə çağırmağa tələsmir. Xanım Le Pen öz mövqeyini mayın 1-də açıqlayacağını bildirib. Bundan başqa mərkəzçi Fransua Bayrunun da öz səsini kimə verəcəyi hələ məlum deyil. Seçkilərdən sonra bir çox ekspertlər 6 mayda keçiriləcək ikinci turda sosialist Fransua Hollandın 54%, hazırkı prezident Nikola Sarkozinin isə 46% səs toplayacağı bildirilir. Geri qayıt |