Əsas Səhifə > Sosial, Manşet > NN ŞEFİ SARI TAKSİLƏRƏ QADAĞA QOYDU
NN ŞEFİ SARI TAKSİLƏRƏ QADAĞA QOYDU24-04-2012, 12:05 |
«SOVET MAŞINLARINI BAŞA DÜŞDÜK, BİZ HANSI STANDARTA CAVAB VERMİRİK?» DİA.AZ: - Məlum olduğu kimi, «Avroviziya-2012» yarışması ilə əlaqədar nəqliyyat naziri Ziya Məmmədov paytaxt Bakı ərazisinə taksi xidməti göstərən köhnə sovet istehsalı olan maşınların fəaliyyətinin qadağan edilməsi barədə hələ keçən ilin sonlarından xəbərdarlıq edib. Doğrudur, bu uyğulama bu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minməli idi. Lakin yeganə dolanışıq yerlərini itirmə təhlükəsi ilə üz-üzə qalan taksi sürücülərinin davamlı olaraq keçirdikləri etiraz aksiyaları hökumətin sözügedən istiqamətdəki planlarının ertələnməsinə nədən oldu. Və bundan sonra NN adından mətbuata verilən açıqlamalarda da bildirildi ki, ertələnmə müvəqqəti xarakter daşıyır və konkret olaraq 1 may tarixindən köhnə sovet maşınlarının taksi kimi xidmət göstərməsi nazirlik tərəfindən məhdudlaşdırılacaq. Onu da xatırladaq ki, Ziya Məmmədov hələ xeyli əvvəl taksi xidməti ilə bağlı rəhbəri olduğu nazirliyin bir plan üzərində işlədiyini də bildirmişdi və qeyd etmişdi ki, Azərbaycanın bütün iri şəhərlərinin öz taksi rəngləri olacaq ki, paytaxt Bakının da payına bənövşəyi rəng düşüb. Lakin çox keçmədi ki, Ziya Məmmədov Bakının taksi rəngi çalarına yenisini - ağ rəngi də daxil etmək zorunda qaldı ki, bu qərarın da asanlıqla verilmədiyi məlum oldu. Belə ki, yayılan xəbərlərdə vurğulanana görə, Ziya Məmmədovun rəng siyasətindən məcburi imtinasına nədəni kimi bu işdə Bəylər Əyyubovun qohumu Robert Əyyubovun xüsusi iştirakı göstərilirdi. Robert Əyyubovun bu gün Bakıda fəaliyyətdə olan ağ taksi xidməti təşkil edən şirkətləri himayə etdiyi də bildirilir. Amma o da məlumdur ki, Bakıda dünənə qədər sarı rəngli taksilər də populyar olub və bu gün paytaxt küçələrində minlərlə bu rəngdə olan yeni taksi maşınları fəaliyyətdədir və bildirək ki, onlar həm də nazirliyin diqtə etdiyi keyfiyyətlərə də cavab verirlər. Bəs onların taleləri necə olacaq? Bununla bağlı DİA.AZ-a məlumat verən NN-dəki mənbələr bildirir ki, əslində həmin sarı taksilərini təklif edən şirkətlər elə NN-ə bağlı şəxslərə aiddir: «Buna görə də, həmin taksilərin fəaliyyəti birdəfəlik olaraq qadağan edilməyəcək. Sadəcə olaraq «Avroviziya» yarışması zamanı həmin taksilərin Bakının mərkəznə buraxılması və ümumiyyətlə xidmət göstərmələri məhdudlaşacaq». Bununla bağlı redaksiyamıza müraciət edən bir qrup sarı taksi sürücüsü də nazirliyin bir aylıq «antraktı»ndan şikayətçi olduqlarını bildirdilər. Onlar taksilərinin yeni olduğunu bildirərək, maşınlarının tam olaraq standartlara cavab verdiklərini də vurğuladılar: «Bizim günahımız nədir? Maşınlarımız təzədir. Ən köhnəsi 2009-cu ilə aiddir. Bir aylıq fasilə bilirsinizmi nə deməkdir? Bəs biz nə ilə dolanacağıq? Şirkət rəhbərliyini başa düşdük. Onların ehtiyatları, pulları var. Bəs biz nə edək?». Təbii ki, bu suallara nazirliyin müvafiq şəxslərinin cavab verməsi daha məqsədəuyğun olardı. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |