Əsas Səhifə > Güney Press, Araşdırma > NƏDƏN «AZƏRBAYCAN» ADI?

NƏDƏN «AZƏRBAYCAN» ADI?


24-04-2012, 13:37
NƏDƏN «AZƏRBAYCAN» ADI?

TÜRK CÜMHURİYYƏTİNƏ BU ADIN VERİLMƏ TARİXİ

XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbay­can» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı); «Azərbaycan türklərinin ədəbiyyatı» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də «türk milləti», «azərbaycanlı» («Kəş­kül»-Ünsizadələr), «Azərbaycan türkləri» (Ə.Hüseyn­zadə), «Azərbaycan sadə türkcəsilə» (Ü.Hacıbəyli), «Azər­baycan (türk) arvadları» (Y.V.Çəmənzəminli), «türk Azər­baycan qə­zeti», «azərbaycanlı-türk», «Azər­bay­can türk muxtariyyəti» (M.Ə.Rəsulzadə) və b. istilah­lar gün­də­mə gətirildi.

XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaz­iya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gün­dəlik həyat­ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlman­larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olar­dı».

«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən «Azərbaycan» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.

Ancaq «Azərbaycan» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi Qaf­qazda qurulan yeni tipli dövlətlərdən birinin «Azərbaycan Cüm­hu­riyyəti» adlanması olmuşdur. Halbuki, Azər­bay­can Cüm­huriyyətinin qurucusu və ideoloqu M.Ə.Rə­sul­zadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: «Hərbdən və böyük Rusiya inqilabından sonra dil­lər­də dolaşan Azərbaycan hazırda Azərbaycanın şima­lın­da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Ba­kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etiba­ri­lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərq­li­dir­lər». Deməli, «Azərbaycan» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» anlamdan kənara çıxaraq siyasi-ideo­loji məna kəsb etmişdir. «Tarixi-coğrafi Azərbaycan» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də «Azərbay­can türk milləti», «Azərbaycan türk xalqı», «Az­ər­baycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilah­lar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi sta­tus qazanmağa başlamışdır


Geri qayıt