Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT ŞİRKƏTİNƏ QARŞI İTTİHAMLAR

NEFT ŞİRKƏTİNƏ QARŞI İTTİHAMLAR


25-04-2012, 14:36
NEFT ŞİRKƏTİNƏ QARŞI İTTİHAMLAR

3-CÜ SEKTOR SULUTƏPƏ OLAYLARINI MÜZAKİRƏ EDİB

Çərşənbə günü Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA) xüsusi mühafizə xidməti şirkətlərinin fəaliyyətilə bağlı “dəyirmi masa” keçirib.

ATMİA prezidenti Yaşar Cəfərliyə görə, “Sulutəpə olayları”nda jurnalistlərin zorakılığa məruz qalmaları bu mövzunun aktuallaşmasına səbəb olub. Sulutəpə yaşayış ərazisində evlərin sökülməsini lentə alan “Yeni Müsavat” və “Zerkalo” qəzetlərinin əməkdaşları Günay Musayeva və İdrak Abbas ARDNŞ xüsusi mühafizə xidməti əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıblar.

Azərbaycanda özəl mühafizə xidməti haqqında qanun 2007-ci ildə qəbul edilib. Qanunun tələbinə əsasən belə mühafizə qüvvələri hazırlamaq istəyən şirkətlər Daxili İşlər və Təhsil nazirliklərindən lisenziya alandan sonra fəaliyyət göstərmək hüququ qazanır. Hazırda paytaxtda bu əsasla fəaliyyət göstərən 5 şirkət var. Mühafizəçilərin qəbuluna gəlincə, onlar 20 yaşdan yuxarı, fiziki, tibbi və ruhi baxımdan sağlam olmalıdır. Hazırda neft, nəqliyyat, rabitə sistemində, AZAL-da belə mühafizə qüvvələri var.

Neft şirkətinin tərkibindəki mühafizə qüvvələri isə hərbiləşdirilmiş dəstələrdir. Onların “Sulutəpə olayları”nda iştirakı da, vətəndaşlara zor tətbiq etmələri də qanunsuz hesab edilib. Mühafizəçilərin həyatına real təhlükə olmadığı üçün onların Sulutəpədə adamlara hücumu cinayət əməli kimi dəyərləndirilib. Jurnalist İdrak Abbasın və qardaşının aldığı xəsarətlərin ağırlığı isə ölümə cəhd sayılıb. Polisin vətəndaşa hücum olduğu halda hadisəyə müdaxilə etməməsi polisin vəzifəsini yerinə yetirməməsi kimi qiymətləndirilib.

Eyni zamanda xüsusi mühafizə sistemi sahəsində problemlərin olduğu qeyd edilib. Belə ki, bu sahədə qanunvericiliyi təkmilləşdirmək, xüsusi mühafizə sisteminə nəzarəti gücləndirmək təklif olunub. Bu sistemə vətəndaş nəzarəti gücləndirilərək xüsusi mühafizə qüvvələrinin törətdikləri özbaşınalıqlar barədə hesabatların hazırlanmasının vacibliyi qeyd edilib. Vətəndaşa qarşı yol verdiyi cinayət aşkar ediləndə mühafizəçinin mənsub olduğu xüsusi mühafizə şirkəti, indiki halda isə Neft Şirkətinin mühafizə xidməti ləğv olunmalıdır.


Geri qayıt