Əsas Səhifə > Sosial, Manşet > YETİM MALINA GÖZ DİKƏN MƏMUR KİMDİR?

YETİM MALINA GÖZ DİKƏN MƏMUR KİMDİR?


26-04-2012, 13:23
YETİM MALINA GÖZ DİKƏN MƏMUR KİMDİR?

BUZOVNADAKI İNTERNAT EVİNİN 10 HEKTARLIQ SAHƏSİ ZƏBT OLUNUB

DİA.AZ: - Bugünlərdə özəl mənbələrdən birinin redaksiyamıza verdiyi məlumatda Buzovnadakı 13 saylı internat evi ilə bağlı şok məqamlar yer alıb. İnternat evinə məxsus təxminən 10 hektarlıq nəhəng torpaq sahəsinin dövlət qurumlarından biri tərəfindən mənimsənildiyini bildirən mənbə, sözügedən “istilanın” 2006-cı ildə reallaşdığını qeyd edib:

“Artıq düz 6 ildir ki, Buzovnadakı 13 saylı internat evinə məxsus 10 hektarlıq torpaq sahəsi dövlət qurumlarından biri tərəfindən ələ keçirilib. İnternat evindəki uşaqların zəruri ehtiyaclarının qarşılanması, onların sosial təminatının yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsi 2006-cı ildə dövlət qurumlarından biri tərəfindən mənimsənilərək azyaşlı kimsəsizlərin əlindən alınıb. Beləliklə də, sözügedən internat evi ona ayrılan torpaq sahəsindən qeyri-qanuni surətdə məhrum edilib”.

Mənbənin DİA.AZ-a bildirdiyinə görə, həmin vaxt baş verənlərdən şoka düşən internat evinin rəhbərliyi etiraz edəcəyi təqdirdə cəzalandırılacağından qorxduğu üçün səsini çıxartmayıb: “İnternat evinə məxsus torpaq sahəsinin qeyri-qanuni surətdə mənimsənilməsi prosesi 2006-cı ildə baş versə də, o zaman internat rəhbərliyi cəzalandırılacağından qorxduğu üçün məlum prosesə etiraz etmədi. Bununla da yalnız Azərbaycan tarixinin deyil, bəlkə də bütün dünya tarixinin ən rəzil soyğun əməliyyatı gerçəkləşmiş oldu”.

Mənbə məlum problemin ortaya çıxacağı təqdirdə bunun ali siyasi dairələrdə ciddi müzakirəyə səbəb olacağını və həmin dövlət qurumunun başında dayanan şəxslərə qarşı sərt cəza üsullarının tətbiq ediləcəyini vurğuladı: “Əgər 6 ildir ki, məhdud dair tərəfindən sirr kimi qorunub saxlanılan bu hadisə aşkarlığa qovuşarsa, o zaman illər uzunudur ki, törətdiyi əməlin məsuliyyətindən yayınan bir çox insan qanun və ölkə başçısı qarşısında cavab verməli olacaq. Bundan başqa, olayların gün üzünə çıxması yüzlərlə kimsəsiz uşağın yaşam və dolanışıq vasitəsini əlindən alan şəxslərin necə bir mənəviyyata sahib olduqlarını da göz önünə sərəcək”.

Mənbənin sözlərinə görə, 6 illik sirrin ortaya çıxmasından sonra baş verənlərə ən kəskin reaksiyanın məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən gələcəyi daha inandırıcı görünür: “Hər kəs yaxşı bilir ki, əslində ölkədəki bütün internat evləri kimi Buzovnadakı 13 saylı internat evi də bilavasitə Mehriban xanımın himayəsindədir və bu mənada sözügedən internat edinə məxsus torpaq sahəsinin mənimsənilməsinə ən sərt reaksiya da çox güman ki, məhz onun tərəfindən sərgilənəcək. Bu rekasiya öz səlahiyyətlərini aşan şəxslərə qarşı ciddi cəza mexanizmlərinin tətbiqi ilə müşahidə olunsa da, nəticə etibarilə internat evinin 6 il bundan öncə itirdiyi torpaq sahəsinin yenidən geri qaytarılması baxımından olduqca önəmli addım olacaq”.

P.S.Yaxın vaxtlarda sizi internat evinə məxsus torpaq sahəsini mənimsəyən dövlət qurumunun adı və mövzu ilə bağlı əlavə informasiyalarla tanış edəcəyik.


Geri qayıt