Əsas Səhifə > Partiya > MÜXALİFƏT PREZİDENT KORTEJİNİ MÜZAKİRƏ ETDİ
MÜXALİFƏT PREZİDENT KORTEJİNİ MÜZAKİRƏ ETDİ26-04-2012, 15:15 |
HƏM DƏ ERMƏNİSTAN SEÇKİLƏRİNİ DARTIŞDI Qarabağ Bloku İdarə heyətinin növbəti toplantısı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, toplantıda Avropa Parlamentinin Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların davam etdirilməsi haqqında və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar həqiqətləri əks etdirən qətnamə qəbul etməsini yüksək dəyərləndirən Qarabağ Bloku, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi, regionda sülhə nail olunması və Avropaya real inteqrasiya baxımından bu cür addımların faydalı olduğunu qeyd edib. Qarabağ Bloku Ermənistanda parlament seçkiləri öncəsi yaranmış vəziyyətə toxunaraq siyasi alternativlərin hüquqlarının ciddi pozulmasını, müxalifətə qarşı qeyri qanuni əngəllərin yaradılmasını və digər antidemokratik addımları nəzərə alaraq seçkilərin yenə də saxtakarlıq şəraitində keçəcəyini qeyd edib və beynəlxalq birlikləri mayın 6-da keçiriləcək seçkilərin nəticələrini tanımamağa çağırıb. İctimai Palatanın təşkil etdiyi son mitinqə münasibət bildirən Qarabağ Bloku bu aksiyanı hakimiyyətin xalqa zidd siyasətinə xalqın etiraz potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli hesab edib, mitinqə qatılmaq istəyən vətəndaşlara maneələrin yaradılmasını və razılaşdırılmış aksiyaya çağırış edən gənclərin həbs edilməsini isə qeyri qanuni olduğunu bildirib. Qarabağ Bloku Quba, Sulutəpə, Sabirabad və digər yerlərdə baş verən xalqın məmur özbaşınalığı və mülkiyyət hüquqlarının tapdalanmasına qarşı lokal etirazları ilə əlaqədar hakimiyyətin tamamilə səhv siyasət yürütdüyünü bir daha qeyd edib və bu hadisələr zamanı həyata keçirilən kütləvi həbsləri və zorakılıqları repressiya kimi dəyərləndirib, xüsusilə də jurnalistlərin fiziki təzyiqlərə və işgəncələrə məruz qoyulmasını qətiyyətlə pisləyib. Bakı şəhərində küçələrin qazılaraq dağıdılması, plansız və səliqəsiz tikinti işləri, habelə prezident korteji və digər hakimiyyət nümayəndələrinin avtomobillərinin hərəkəti zamanı müvafiq strukturların qeyri-peşəkar və ya səhlənkar münasibəti səbəbindən yollarda uzun tıxacların yaranması ilə əlaqədar vətəndaşların ciddi narahatçılığını diqqətə alan Qarabağ Bloku bu narahatçılıqların əsaslı olduğunu bildirib, yaranmış vəziyyətin həqiqətən də dözülməz olduğunu və tezliklə aradan qaldırılmayacağı təqdirdə ciddi spontan etiraz aksiyalarına yol aça biləcəyini qeyd edib. Geri qayıt |