Əsas Səhifə > Partiya > “YAZMALIDIRLAR Kİ, İLHAM ƏLİYEVDƏN ÜZR İSTƏYİRİK”

“YAZMALIDIRLAR Kİ, İLHAM ƏLİYEVDƏN ÜZR İSTƏYİRİK”


27-04-2012, 13:53
“YAZMALIDIRLAR Kİ, İLHAM ƏLİYEVDƏN ÜZR İSTƏYİRİK”

ƏLİ HƏSƏNOV “AZADLIQ” QƏZETİNƏ ŞƏRT QOYDU

“Hesab etmirəm ki, “Azadlıq” qəzeti prezident İlham Əliyevin qol saatı haqda yaydığı yalan informasiya görə təkzib verib, üzr istəyib”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov aprelin 27-də “Media forum” saytına açıqlamasında belə deyib.

Əli Həsənov bildirib ki, “Azadlıq”ın yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı təkzib və üzrxahlıq saymırlar. “Azadlıq” qəzeti “Kütləvi informasiya vasitələri haqqında” qanuna əməl etmir: "Qəzet açıq formada qanuna əməl etməkdən yayınır. Yalan, özü də bilərəkdən yayılmış yalan informasiyanı hələ ki, təkzib etməyiblər. “Azadlıq” qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, “Azadlıq” qəzetinin filan sayında prezident İlham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və prezident İlham Əliyevdən üzr istəyirik. Əks halda qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik”.

“Azadlıq” qəzetinin 24 aprel sayında “İlham Əliyev 800 min dollarlıq saat taxır” başlıqlı xəbər dərc olunub. Həmin gün prezidentin mətbuat xidməti bu xəbərlə bağlı təkzib məlumatı yayıb: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.

“Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.

Mətbuat xidmətinin məlumatı yayılandan az sonra “Azadlıq” qəzeti məsələyə reaksiya verib. Qəzet bildirib ki, qərəz və qəsdən yalan məlumat yaymaq “Azadlıq”ın iş prinsipi deyil, redaksiya məlumat və məqalələrindəki təsadüfi yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir: “Lakin prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb. Üstəlik, bu istinad olunmuş xəbər bir neçə gün sosial şəbəkələrdə və bəzi informasiya portallarında tirajlanıb.

Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.

“Azadlıq” qəzeti ümidvar olduğunu bildirir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq”.


Geri qayıt