Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTƏ QARŞI
SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTƏ QARŞI28-04-2012, 20:14 |
“İCTİMAİ PALATA DAXİLİNDƏ GİZLİ RƏQABƏT VAR” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun SƏS TV-yə müsahibəsi: - Son mitinqlərdə, yəni İctimai Palatanın toplantısında sizi görmədik. Buna səbəb toplantıların sizi qane etməməsi, yoxsa Müsavat və AXCP ilə aranızda narazılığın olması idi? - Dediyiniz kimi, bu İctimai Palatanın toplantısı idi. Bu təşkilatlın bilavasitə üzvü deyiləm. Yalnız fərdi qaydada burada iştirak edə bilərəm. Bütövlükdə isə İctimai Palatanın apardığı mitinq taktikası ilə razı deyiləm. Bunun səhv olduğu qənaətindəyəm. Ona görə də iştirak etmirəm. Amma mitinqlərdə bizim partiyanın tərəfdarları olan üzvlər iştirak ediblər. Mənim şəxsən orada iştirak etməməyim isə İctimai Palatanın mitinq taktikasının səhv olması ilə bağlıdır. - Həmin səhvləri nədə görürsünüz? - İndiki mitinq taktikasının fəlsəfəsi 80-ci illərin sonlarında sovet hökumətinə qarşı bizim apardığımız mübarizədə istifadə etdiyimiz taktika ilə üst- üstə düşür. Yalnız funksionerlərin, az sayda olan siyasi fəalların mitinqə gəlməsi, əslinə baxsan getdikcə müxalifətin özünü xalqdan qopardığına əyani sübutdur. Xalqın bu cür mitinqlərdə geniş şəkildə iştirak etməməsinin əsas səbəblərdən biri odur ki, neçə ki, müxalifətin yuxarılarında səmimi birlik yoxdur, aşağılarda da o birlik olmayacaq. Xalq hər şeyi hiss edir. Onlar görürlərsə ki, müxalifət mitinqlərdə lazımı səviyyədə birləşməyibsə, xalqı irəliyə aparacaq nəhəng güc ortaya qoymayıbsa o heç vaxt bu proseslərə həvəslə qoşulmayacaq. - Toplantıda bir halın da şahidi olduq. İki cəbhə yaranmışdı ki, onların yarısı ağ, digərləri isə göy bayraq gəzdirirdilər. Bunun səbəbi nədir? - Bir çox partiyaların təşkil etdiyi aksiyalarda yalnız dövlət rəmzləri çıxarılmalıdır. Həmin dövlət rəmzləri olaraq da bayraq, gerb və milli şüarlar çıxarıla bilər. Səsləndirilən şüarlar da ümumi olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda 90-cı illərdən başlayaraq bu cür zərərli tendensiya var ki, insanlar kollektiv şəkildə təşkil olunan mitinqlərdə hər kəs öz liderini alqışlayır, bayraqları və şüarları ilə çıxır. Vaxtı ilə biz də belə tədbirlər keçirirdik. Ancaq bizim bayraqlar bir-birinin içərisində, qarışıq idi. Kənardan baxanda da şahidi olurdular ki, Xalq Cəbhəsinin, Müsavatın və ADP-nin üzvləri bir yerdədilər. Lakin hazırda açıq şəkildə hiss olunur ki, İctimai Palatanın daxilində Xalq Cəbhəsi ilə Müsavatın rəqabəti gedir ki, hətta bu mitinqə də yansıyır. Təbii ki, bu kənardan insanlara çox pis təsir göstərir. Bir daha bəlli olur ki, İctimai Palatanın daxilində gizli rəqabət hökm sürür. Mitinqlərə nə qədər çox partiya daxil olsa bir o qədər İctimai Palatada parçalanma meyli özünü büruzə verəcək. - Budəfəki toplantıya xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələrinin də qatıldığının şahidi olduq. Sizcə, müxalifət liderləri öz nüfuzlarını onların hesabına qorumağa, yoxsa nəyə çalışırdılar? - Diplomatların bu cür tədbirlərdə iştirakı təbiidir. Çünki onların əsas vəzifələrdən biri olduqları ölkələrdə ictimai-siyasi vəziyyət haqqında bilavasitə və obyektiv məlumat toplamaqdır. Çünki onlar bir dövlətlə siyasət quracaqlarsa öz maraqlarını müdafiə etmək üçün müəyyən bir bəlli strategiya izləyəcəklərsə, o zaman mütləq ölkədə gedən cari prosesləri izləməlidirlər. Təbii ki, müxalifət də beynəlxalq güclərin diqqətini öz üzərinə çəkməlidir. Ancaq bunun texnologiyası çox primitiv olduğuna görə kənardan belə görünür. Müxalifət meydana çıxanda olur Həsən, Hüseyn və digərləri... Müxalifət öz birliyini xalq səviyyəsinə endirmək üçün çox ciddi çalışmalıdır. - Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision- 2012" mahnı müsabiqəsi ərəfəsində müxalifətin bu kimi aksiyalar keçirməklə Avropanın diqqətini Azərbaycanda sabitliyin olmadığına yönəltməsinə nə lüzum var? - Etiraz hər bir ölkədə olur. Hətta bəzi ölkələrdə çox qatı şəkildə etiraz olur ki, çoxlu sayda insanlar yaralanır. Hər dəfə dünyanın iqtisadi güclərininin toplandığı Davosda bu kimi hadisələr olur. Bəs onları necə başa düşək? Tərəflər bir-birinin tədbirini pozmamalıdır. Müxalifət Eurovision-nun təşkilinə və keçirilməsinə mane olmamalıdır. Əgər müxalifət buna mane olsa onlara öz iradlarımızı bildirməliyik. Bir tədbir o biri tədbiri əngəlləməməlidir. Mənim fikrim budur. Geri qayıt |