Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV ÇƏTİN DURUMA DÜŞÜB

MİSİR MƏRDANOV ÇƏTİN DURUMA DÜŞÜB


30-04-2012, 13:22
MİSİR MƏRDANOV ÇƏTİN DURUMA DÜŞÜB

ONUN SON QALALARI HESAB OLUNAN ÖZƏL UNİVERSİTETLƏR DƏ BAĞLANIR

DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin sentyabr ayından etibarən təhsil naziri Misir Mərdanov itirə-itirə gəlməkdədir. Həmin ərəfədə bir günün içində üç müavininin görəvdən alınmasının ardından, nazirin səlahiyyətlərinin əksəriyyəti alınaraq yeni nazir müavini təyin edilmiş Qulu Novruzova həvalə edildi.

Xatırladaq ki, həmin ərəfədə təhsil nazirliyi sistemində cidd yoxlamalar həyata keçirilirdi. Hətta korrupsiyaya qarşı mübarizə idarəsi məktəb tikintiləri və təmiri zamanı baş verən qanun pozuntuları ilə bağlı silsilə faktları geniş ictimaiyyətə açıqladı. Buna paralel olaraq isə sözügedən sektora nəzarət edən Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovun da həbs edilməsi ilə bağlı məlumat yayıldı. Lakin sonradan aydın oldu ki, Misir Mərdanov xalası oğlunu və onun əsas ortaqlarını həbsdən qurtarmağı bacarıb və bu işdə nazirin külli miqdarda xərcinin çıxdığı da həmin dönəmdə yayılan məlumatlar sırasında idi.

Bu kimi basqılardan sonra yeni dərs ili ilə bağlı mətbuata açıqlama verən Misir Mərdanov ilk dəfə olaraq «istefa verə bilərəm» şəklindəki ifadəsilə əslində, düşdüyü situasiyanın ağırlığını da diqqətə çatdırmış oldu. Doğrudur, Mərdanov hansısa nöqsanlarına görə yox, məhz yaş senzi ilə əlaqədar istefaya getmək arzusunu dilə gətirmişdi. Amma hakimiyyət Mərdanovu belə asanlıqla buraxmayacağını ifadə edən addımı atdı və onun tədricən zərərsizləşdirilməsi prosesinə start verildi.

Bildirək ki, Misir Mərdanovun bundan sonra gəlir qaynaqlarının TN-dən alınması yönündə bir prosesə start verildi. Uşaq bağçalarına nəzarəti yerli icra strukturlarına verməsilə böyük bir zərbəni almış Misir Mərdanov bu şok qərarın yaratdığı təsirdən ayılmamış ona daha bir samballı zərbə, uzun müddətdir ki, təhsil nazirliyinin gününü qara edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xeyrinə atılan addımın atılması ilə vurulmuş oldu. Məlum olduğu kimi, orta məktəblərdəki buraxılış imtahanına nəzarət mexanizmi və səlahiyyətləri təhsil nazirliyindən alınaraq, prezidentin müvafiq sərəncamı ilə TQDK-ya həvalə edildi.

İndi isə Misir Mərdanovu daha ağır bir zərbə gözləyir. Bu barədə DİA.AZ-ı məlumatlandıran Nazirlər Kabinetindəki mötəbər qaynaq iddia edir ki, yaxın günlərdə iki özəl ali məktəbin lisenziyalarının ləğv edilməsi məsələsinə baxılacaq. Mənbəmizin sözlərinə görə, həmin ali məktəblər Misir Mərdanovun rəsmi tələbə qəbulu prosesindən kənarda qanunsuz qəbul prosesi həyata keçirməsini təmin edən - sağlayan strukturlar kimi də cəmiyyət arasında ad çıxarıb. Söhbət «Təfəkkür» və «Odlar Yurdu» universitetlərindən gedir.

Mənbəmizin məlumatlarından belə aydın olur ki, artıq onların bağlanmasına tədarük başlayıb: «Təbii ki, bu işdə TQDK rəhbərliyi də maraqlıdır. Ən azından ona görə ki, hər iki ali tədris ocağının xətti ilə il ərzində yüzlərlə abituriyentə qanunsuz olaraq tələbə hüququ verilir».

Geri qayıt