Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PREZİDENTƏ OQTAYLA BAĞLI MÜRACİƏT

PREZİDENTƏ OQTAYLA BAĞLI MÜRACİƏT


1-05-2012, 11:52
PREZİDENTƏ OQTAYLA BAĞLI MÜRACİƏT

VƏTƏNDAŞ CƏMİYYƏTİ GÜLALIYEVƏ AZADLIQ TƏLƏB EDİR

Azərbaycan vətəndaş cəmiyyətinin bu qrup nümayəndəsi prezident İlham Əliyevə müraciət edərək “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevın azad olunmasına yardım göstərməyi xahiş edib. Müraciətdə deyilir: “Aprelin 19-da Sabirabad Rayon Prokurorluğu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevın barəsində CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açıb.

Həmin gün Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu, onun barəsində əvvəllər verilmiş 12 günlük inzibati həbs cəzasının bitməsinə bir gün qalmış baş verib.

Hər iki məhkəmə prosesinin keçirilməsi zamanı O.Gülalıyevin hüquqları kobud şəkildə pozulub, o, vəkillə təmin edilməyib. Bundan başqa məhkəmə O.Gulalıyevin həbs zamanı Sabirabad rayon polis şöbəsinin rəis müavini Rauf Məcidov tərəfindən döyülməsindən şikayətinə də məhəl qoymayıb.

O.Gülalıyev 2010-cu ilin yayından Kür çayının daşması nəticəsində yaranmış və problemlərin aradan qaldırılması məsələlərinə yardım göstərən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox ərazi və 20 min ev su altında qalıb. Qərargah çoxsaylı fırıldaqçılıq, korrupsiya, icra orqanları tərəfindən vətəndaşların aldadılması faktlarının üstünü açıb.

O.Gülalıyevin və “Kür” qərargahının bütün fəaliyyəti qanun çərçivəsində və müvafiq dövlət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilib və bunun sayəsində heç bir asayiş pozuntularına yol verilməyib. Məhz bu səbəbdən də O.Gülalıyevin həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb və ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri, tanınmış ictimai xadimləri və ziyalıları bu addımı pisləyiblər.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru kimi O.Gülalıyevin ictimai əhəmiyyətli fəaliyyətlə, ictimai maraqların qorunması ilə məşğul olduğunu nəzərə alaraq, onun azadlığa çıxmasına yardım göstərməyinizi xahiş edirik”.

Müraciəti Cəmil Həsənli, Qubad İbadoğlu, Fürudin Cəlilov, Eldəniz Quliyev, Məhəmməd Talıb, Mehman Əliyev, Arzu Abdullayeva, Yaşar Cəfərli və başqaları imzalayıb.


Geri qayıt