Əsas Səhifə > Sosial, Manşet > SƏBAYEL BƏLƏDİYYƏSİNDƏ KORRUPSİYA BUMU

SƏBAYEL BƏLƏDİYYƏSİNDƏ KORRUPSİYA BUMU


1-05-2012, 12:20
SƏBAYEL BƏLƏDİYYƏSİNDƏ KORRUPSİYA BUMU

İNDİKİ RƏHBƏRLİK ƏHMƏD HÜSEYNOVUN AQİBƏTİNDƏN DƏRS ÇIXARMAYIB

DİA.AZ: - Məlum olduğu kimi, Bakının mərkəzi hesab olunan Səbayel rayonunun bələdiyyəsinə bir zamanlar rəhbərlik etmiş Əhməd Hüseynov və bələdiyyənin iki üzvü bir neçə il əvvəl korrupsiya ittihamı ilə həbs olunaraq mühakimə olundular. Amma deyəsən, özlərindən əvvəlkilərin belə bir aqibəti yaşamasına baxmayaraq, sözügedən rayonunun indiki bələdiyyə üzvləri də eyni yanlışları buraxmaqla məşğuldurlar.

Bu barədə DİA.AZ-ı məlumatlandıran rayon sakinlərindən birinin sözlərinə görə, Səbayel ərazisində Şıxov çimərliyinə yaxın bir yerdə torpaq sahəsi ala bilməsi üçün dəfələrlə bələdiyyəyə müraciət etməsinə baxmayaraq, ona eyni rədd cavabı verilib.

Şikaytəçi Məmmədağa Səlimov bildirir: «Mənə rədd cavabı verilə-verilə sonradan öyrəndim ki, başqalarına torpaq sahələri satılıb. Halbuki mənə deyirdilər ki, hazırda müvafiq torpaq sahəsi yoxdur. Mən də onlarla başqa dildə - özlərinin anlayacağı dildə danışdım və bazarlıq etdim. Və məlum oldu ki, istədiyim ərazidə mənə torpaq sahəsi təklif edə bilərlər, amma bir sotu 20 min manata».

Özünün müharibə veteranı olduğunu bildirən şikaytəçimiz onu da bildirdi ki, onda bu qədər pul yoxdur: «Deməli, əslində rədd cavabını verərkən onlar yalan söyləyiblər. Satlıq torpaq var, amma ala bilmən üçün gərək pulun ola».

Artıq bununla bağlı korrupsiyanı araşdıran müvafiq qurumlara müraciət etməyə hazırlaşdığını bildirən sakin onu da vurğuladı ki, Əhməd Hüseynovun aqibəti indiki bələdiyyə üzvlərinə və rəhbərliyinə heç də dərs olmayıb: «Görünür, onlar heç nədən ehtiyat etmirlər və seyid cəddinə arxayın olduğu kimi, onlar da cəzasız qalacaqlarına inanırlar».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt