Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV HÜCUM ƏMRİNİ VERDİ
ZİYA MƏMMƏDOV HÜCUM ƏMRİNİ VERDİ1-05-2012, 13:07 |
HƏLƏLİK MÜFƏTTİŞLƏR SÜRÜCÜLƏRƏ YALNIZ MƏRKƏZDƏ MANE OLURLAR DİA.AZ: - Mayın 1-dən Rusiya istehsalı olan avtomobillərin Bakıda taksi kimi fəaliyyət göstərilməsinə icazə verilməyəcək. Nəqliyyat Nazirliyi Bakı şəhərində taksi fəaliyyəti üçün istifadə olunmasına icazə verilən avtomobillərin siyahısını artıq dəqiqləşdirib. Nazirlik paytaxt Bakıda taksi kimi yalnız Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən sərnişin minik avtomobilləri istifadəsinə icazə verəcək. Nazirlik paytaxtda taksi kimi fəaliyyət göstərəcək avtomobilləri siniflərinə görə 3 kateqoriyaya ayrıb. Standartlara görə, avtomobillərin buraxılış ili 5 ildən artıq olmamalıdır. Mayın 1-dən etibarən Azərbaycana bəzi avtomobillərin gətirilməsi də qadağan olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” “AZS 635-2012” dövlət standartının tələblərinə əsasən mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (airbag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin Azərbaycana idxalına və Azərbaycanda istehsalına icazə verilməyəcək. Bu qayda hazırda istifadədə olan minik avtomobillərinə tətbiq edilməyəcək. Eksperetlər deyirlər ki, yeni qaydalar əsasən Rusiyadan Azərbaycana avtomobil ixracını məhdudlaşdıracaq. Çünki Rusiya istehsalı olan “jiquli”lər sözügedən tələblərə cavab vermir. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu gün səhər saatlarından etibarən nəqliyyat nazirliyinin müfəttişləri paytaxtın mərkəzi hissəsində “jiquli” ovuna çıxıblar. Sürücülərdən birinin bildirdiyinə görə, hələlik onlara qarşı kobud davranmasalar da, yalnız mərkəzi hissədə hərəkətlərinin məhdudlaşdırırlar. Onu da bildirək ki, redaksiyamıza daxil olan bir başqa məlumatda isə bildirilir ki, Səbayel rayonu ilə yanaşı, Nəsimi, Yasamal və Nərimanov rayonlarında da köhnə sovet maşınlarının taksi kimi çalışması əngəllənir. Sürücülərin bu addımlara hansı cavabı verəcəyi isə bəlli deyil. Xatırladaq ki, keçən ilin sonunda NN tərəfindən belə bir addım atılmışdı ki, həmin prosesə taksi sürücüləri çox sərt reaksiya verərək davamlı etiraz aksiyaları da həyata keçirdilər. Nəticədə isə nazirlik qərarının icrasını ertələməli oldu. Geri qayıt |